Yaşar Seyidov: “Bəzi klublara həddindən artıq güzəştlər edilir”

19:17 - 12 Sentyabr 2026

“Azərbaycan futbolunda ədalətli rəqabət olmalıdır. Bəzi klublara həddindən artıq güzəştlər edilir və geniş maliyyə imkanları yaradılır. Digər klublar isə çempionatda qalmaq uğrunda ölüm-dirim mübarizəsi aparır. Əgər biz “futbol ailəsi” fəlsəfəsini qəbul ediriksə, belə bir ailədə münasibətlər bu cür olmamalıdır. Əks halda, gec-tez bu birlik dağılacaq. Ümid edirəm ki, bu məsələdə hər kəs, nəhayət, öz məsuliyyətini dərk edəcək”.

Sportal.az xəbər verir ki, bu sözləri futbolinfo.az saytına açıqlamasında II Liqada mübarizə aparan “Dinamo”nun prezidenti Yaşar Seyidov deyib.

Klub rəsmisi mövsümə qələbə ilə başlamalarından da danışıb: “Komandamız keçirdiyi ilk qarşılaşmada rəqibi üzərində üstünlük qazanaraq çempionata 3 xalla start verdi. Bu, “Dinamo”nun qarşıya qoyduğu böyük hədəflərə doğru atdığı ilk addımdır. Qazanılan qələbə komandamız üçün mövsümə uğurlu başlanğıc olmaqla yanaşı, qarşıdakı məqsədlərə çatmaq yolunda da mühüm əhəmiyyət daşıyır. Qarşıda bizi daha çətin və məsuliyyətli oyunlar gözləyir. Əsas istəyimiz yaxşı nəticələr göstərərək turnir cədvəlində bacardığımız qədər yüksək pillələrdə qərarlaşmaqdır. Bunun necə reallaşacağını isə zaman göstərəcək”.

Seyidov komandanın heyətinin komplektləşdirilməsi istiqamətində görülən işlərdən də söz açıb: “Çempionatın əvvəlində öz yetirmələrimizlə yanaşı, iddialı olmaq üçün yeni futbolçuları da komandaya dəvət etmişik. Yeni oyunçuların kollektivə qoşulması rəqabəti artırmaqla yanaşı, baş məşqçimizə heyətdə rotasiya aparmaq üçün əlavə imkanlar yaradır. Komandanın heyətini bu istiqamətdə daha da komplektləşdirmək üçün işlərimizi davam etdiririk. Sözsüz ki, kollektivimizin güclü və zəif tərəflərini, eləcə də hansı mövqelərdə çatışmazlıqlarımızın olduğunu yaxşı bilirik. Lakin müəyyən səbəblərdən bəzi problemləri həll etmək imkanımız xaricindədir. Bu məsələ ilə bağlı dəfələrlə öz mövqeyimi bildirmişəm”.

“Dinamo”nun prezidenti II Liqada mübarizə aparan komandaların səviyyəsinin bir-birinə yaxın olduğunu vurğulayıb: “Dinamo” olaraq çempionatda mübarizə aparan bütün komandaları analiz edir, hər birinə hörmətlə yanaşır və qarşılaşmalardan qalib ayrılmaq istəyirik. II Liqada çıxış edən klubların demək olar ki, hamısı bir-birinə yaxın səviyyədədir. Bu səbəbdən hər bir qarşılaşma və hər bir oyun turnir cədvəlində mühüm rol oynayır”.

Seyidov “Dinamo”nun əsasən yerli gənclərdən formalaşdırıldığını və klubun inkişaf istiqamətində müxtəlif layihələr həyata keçirdiyini bildirib: “Komandamız əsasən Bakı və ətraf kənd və qəsəbələrdən seçilmiş gənclərdən formalaşıb. Bu istedadlı futbolçuları Azərbaycan futboluna qazandırmaqla yanaşı, klubumuzun infrastrukturunun yaxşılaşdırılması istiqamətində də işlər görürük. Azərbaycan Premyer Liqasında iştirak edən komandalar kimi, idman, sosial məsuliyyət, infrastruktur, kadr-inzibati, hüquq və maliyyə meyarlarının tələblərinə uyğun fəaliyyətimizi qururuq. “Gənclər futbolunun inkişafı proqramı”na malik olmaqla yanaşı, II Liqada mübarizə aparmağımıza baxmayaraq, I və II Liqalarda çıxış edən komandalar arasında AFFA-nın Gənclər Liqalarında bütün yaş qrupları üzrə mübarizə aparan yeganə klubuq”.

Klub rəhbəri Abşeron Olimpiya Kompleksinin stadionunun yenidən qurulması ilə bağlı görülən işlərdən də bəhs edib: “Abşeron Olimpiya Kompleksinin standartlara uyğun şəkildə yenidən qurulması ilə bağlı İdman və Gənclər Nazirliyinə müraciət etmişik. Dövlət Əmlak Komitəsi ilə razılıq əldə olunub. Hazırda yalnız İdman və Gənclər Nazirliyinin razılığı qalır. Əsas istəyimiz yeniyetmə və gənc futbolçuların standartlara uyğun stadionda məşq etməsi və çempionat oyunlarını keçirməsi üçün lazımi şəraitin yaradılmasıdır”.

Seyidov sonda Azərbaycanda gənc futbolçuların inkişafı üçün infrastruktur probleminin həllinin vacibliyinə diqqət çəkib: “Statistikaya baxsaq, görərik ki, stadionların vəziyyətinin qənaətbəxş olmaması səbəbindən hər il Azərbaycanda 150-200 gənc peşəkar futbola başlamadan bu sahədən uzaqlaşır. Onların futbolçu olmaq arzuları və xəyalları məhv olur. Düşünürəm ki, müvafiq təşkilatlar öz məsuliyyətləri çərçivəsində bu gənclərə dəstək olmalı, Azərbaycan gənclərinin futboldan uzaqlaşmasının qarşısının alınması üçün sözdə deyil, əməldə iş görməlidirlər. Bu, təkcə “Dinamo”nun deyil, bu məsələyə cavabdeh olan bütün qurumların vicdan məsələsidir”.

Xəbər xətti