"Millinin oyun keyfiyyəti ilə bağlı iradlar ola bilər, əsas məqsəd qrupda birinci yeri tutmaqdır" - isveçrəli forvard

16:47 - 15 Noyabr 2026

"Qəbələ"nin hücumçusu Kərim Rossi Sportal.az saytına müsahibə verib.

- “Qəbələ” fasilədən əvvəlki son turda "Zirə"yə məğlub oldu. Bu görüşdə daha yaxşı nəticə mümkün idi?

- Düşünürəm ki, "Zirə"yə qarşı keçirdiyimiz oyunda nümayiş etdirdiyimiz futbol yaxşı idi. Yaxşı komanda təsiri bağışladıq və qol imkanları yaratdıq. Təəssüf ki, futbol 90 dəqiqə davam edir, oyunun sonlarında diqqətimiz bir anlıq yayındı və qol buraxdıq. Hesab edirəm ki, bu qarşılaşma 1:1 hesabı ilə başa çatmalı idi. Amma futboldur da, olur. 

- “Qəbələ"nin qeyri-sabit, uğursuz çıxışı davam edir. Bunu nə ilə əlaqələndirirsən?

- Doğru yolu tapmağa çalışırıq. Son həftələrdə müsbət məqamlar müşahidə olunur. Daha az qol buraxırıq və daha çox qol vururuq, bu da gələcək üçün müsbət haldır.

- Turnir cədvəlində 10-cu pillədə yer alırsınız. Yəqin ki, daha yaxşı nəticə istəyirdiniz? Səncə,  nəyə görə alınmır?

- Mövsümün ilk hissəsi qeyri-sabit keçdi: məşqçi dəyişiklikləri, yeni ideyalar, yeni oyunçular... Bunlara uyğunlaşmaq vaxt tələb edir, lakin biz oyunçular da daha yaxşı çıxış etməliyik. Heç bir bəhanəyə yer yoxdur, bu, bizim məsuliyyətimizdir.

Böyük hədəflərim var və düşünürəm ki, klub daha yüksək pillələrdə olmağa layiqdir. Mən bura turnir cədvəlinin sonlarında yer almaq üçün gəlməmişəm. İnşallah, may ayında yekun nəticələrə baxacağıq və qarşıya qoyduğumuz məqsədlərə çatacağıq.

- Milli komandaların oyunlarına görə çempionata fasilə verilib. Fasilə sizin üçün necə gedir? Daha çox hansı detallar üzərində işləyirsiz?

- Yeni baş məşqçi gələndən sonra kiçik zədə aldım və 3 oyunda iştirak edə bilmədim. "Araz-Naxçıvan"la oyunda geri qayıtdım, amma tam hazır deyildim və zədə hələ də qalırdı. İndiki milli komandaların oyunları ilə bağlı fasilə bərpa olunmağım üçün çox yaxşı oldu. Allah qoysa, noyabrın 21-də “Şəfa” ilə keçiriləcək oyuna tam hazır olacam.

- Azərbaycan millisinin oyunlarına baxırsan? Azərbaycan millisi haqda hansı fikirdəsən? Lixtenşteyni çətinliklə məğlub etdilər. Ayxan Abbasov sənin sabiq məşqçindir. Onu təbrik etmisən?

- Bəli, Ayxan Abbasovu təbrik etmişəm. Azərbaycan millisinin oyunlarını izləyirəm, bütün matçlara baxıram. Azərbaycan futbolunun inkişafı və gedişatı mənim üçün çox maraqlıdır. Ən vacib məqam 3 xalı qazanmaqdır. Oyun keyfiyyəti ilə bağlı iradlar ola bilər, amma əsas məqsəd qrupda birinci yeri tutmaqdır. Düşünürəm ki, Azərbaycan milli komandası uğur və inkişaf yolundadır. Ayxan Abasovla birlikdə komandanın artıq özünəməxsus siması formalaşıb. İnsanlar və azarkeşlər milli komandaya dəstək olmalıdırlar.

Mirbağırağa

Xəbər xətti