"Mən, Toral və Nəriman burada Azərbaycanı təmsil edirik, hər yaxşı oyunumuz müsbətə yazılır" - Türkiyə klubunda oynayan azərbaycanlı

12:34 - 13 Noyabr 2026

Türkiyənin "Boluspor" klubunda oynayan Elvin Yunuszadə Sportal.az saytına açıqlama verib.

O, komandasının son turda "Bodrumspor"la görüşdəki məğlubiyyəti və meydana çıxmaması haqda danışıb: "Adi epizodlardan qollar buraxdıq. Sonradan geridönüş etməyə çalışdıq. Amma təəssüf ki, qolu da gec vurduq. Bir az daha tez vursaydıq, bəlkə də oyun bərabərə bitəcəkdi, qalib gələ bilərdik də. Sadəcə bunlar olmadı. Komanda çox sadə epizodlardan qollar buraxır ki, sonradan yığışmaq da çətin olur. Son matçda da bunu gördük. Mən özüm isə zədəli deyiləm. Artıq sağalmışam. Sadəcə baş məşqçinin qərarı belə oldu. Mən də oturub gözləyirəm ki, məşqçi şans versin, oynayım. Nə vaxt şans verilərsə, oynayacam". 
 
Yunuszadə Türkiyədə legioner həyatı yaşayan Toral Bayramov, Nəriman Axundzadə haqda da danışıb: "Toralla danışığımız olmayıb. O, bura transfer olunanda da, hamı onun potensialını bilirdi. Uzun illər "Qarabağ"da idi, yeni liqaya, yeni komandaya gəlib. Futbolçu var tez adaptasiya olur, eləsi də var zaman tələb edilir. Toral zamanla maksimumu verəcək. Bir azərbaycanlı kimi istəyirəm yaxşı oynasın. Mən, Toral, Nəriman burada Azərbaycanı təmsil edirik. Burada oynadığımız hər yaxşı oyunumuz müsbətə yazılır. Toral və Nəriman hələ cavandır, qət edəcəyi yollar qarşıdadır.  Yaxşı olacaq".

Mirbağırağa

Xəbər xətti