"Qırğızlar məni milliləşdirmək istəyir, təklif olub" - Asiyadakı azərbaycanlı

12:22 - 12 Noyabr 2026

Qırğızıstanın "Ozgon" klubunda oynayan Ramin Əhmədov Sportal.az saytına müsahibə verib. Başa çatan ildə Qırğızıstanda komandasının heyətində ikinci yeri tutan Əhmədov, bombardirlər siyahısında da liderdən 3 qol geridə qalaraq, 14 qolla 4-cü yerdə bitirib. O, Qırğızıstandakı çempionluq mübarizəsindən, həm də milli komandaya dəvət edilməməsindən bəhs edib.

- "Ozgon" mövsümü 2-ci pillədə başa vurdu. Amma çempionluq üçün oynayırdınız. Əldə olunan nəticəni uğurlu hesab edirsiz?

- Könül istərdi ki, çempion olaq. Amma məncə, ikinci yer də uğurlu nəticədir. Sona qədər mübarizə apardıq. 

- Bəs çempion olmamağınızda həlledici məqam nə oldu? "Bars" sizdən çox güclü idi?

- Komanda olaraq bütün rəqiblərdən güclü idik. "Bars"da oynayan futbolçular artıq neçə illərdir ki, bu liqada çıxış edirlər. Çempionatı da yaxşı bilirlər, üstəlik, təcrübəlidirlər. Bütün bunlar həlledici məqamlar oldu. 

- Mövsümü sənin üçün çox uğurlu hesab etmək olar. Həm öz komandanın aparıcı üzvü oldun, həm də bombardirlər siyahısında 4-cü yeri tutdun. Halbuki hücumçu deyilsən. Öz performansını necə şərh edərdin?

- Bu mövsüm öz performansımdan çox razı qaldım. Meydanda əsas məqsədim komandama maksimum fayda vermək idi. Yarımmüdafiəçi olmağıma baxmayaraq, 14 qol vurmağım mənim üçün xüsusi nəticədir. Bu, həm özümə inamımı artırdı, həm də daha çox motivasiya verdi. Əlbəttə ki, fərdi uğur sevindiricidir, amma mənim üçün ən önəmlisi komandanın uğurudur. Təəssüf ki çempion ola bilmədik.

- Maraqlıdır ki, bu cür performans göstərsən də, millinin baş məşqçisi səni yığma komandaya dəvət etmədi. Səncə, buna səbəb nə idi? Ola bilər ki, Kosovo və Albaniya liqaları Qırğızıstan liqasından daha güclü hesab olunur deyə, belə addım atdılar?

- Buna konkret səbəb göstərmək çətindir . Kosovo və Albaniya liqalarının səviyyəsinin Qırğızıstanan üstün olduğunu düşünmürəm. Burada da kifayət qədər güclü komandalar və keyfiyyətli futbolçular var. Təbii ki, mən istənilən halda öz işimi görürəm və meydanda əlimdən gələni edirəm. Ancaq milliyə dəvət almaq hər futbolçunun arzusudur.

- Yeni ildən səni hansı komandada görəcəyik? "Ozgon"da qalacaqsan, yoxsa Azərbaycana və ya Asiya ölkələrindən birinə gedəcəksən? Rəsmi və ciddi təklifin var

- Bəli təkliflərim var. Hələ ki gözləyirəm. Çünki burada mövsüm yeni bitib. Bir az az istirahət etdikdən sonra mənim üçün hara yaxşı olacaqsa, oturub qərar verəcəyik.

- Bildiyim qədərilə qırğızlar səni milliləşdirmək istəyirlər. Amma səhv etmirəmsə, sənin Qırğızıstan köklərin yoxdur. Yəqin ki, bu məsələ alınmayacaq?

- Bəli, belə təklif olub, qırğızlar məni milliləşdirmək istəyir.

Mirbağırağa 

Xəbər xətti