İtaliyada 9–10 yaşlı uşaqlar arasında təşkil olunan futbol turniri valideynlərin qeyri-etik davranışları səbəbindən yarımçıq qalıb.
Sportal.az xəbər verir ki, ötən bazar günü D Seriyasında çıxış edən “VillaValle” klubunun təşkilatçılığı ilə 16 komandanın iştirak etdiyi turnir keçirilib. Qarşılaşmaları təşkilatçı klubun akademiyasında yetişən gənc hakimlər idarə ediblər.
Turnirin həlledici mərhələsində tribunada valideynlər arasında yaranan münaqişələr getdikcə böyüyüb. Rəqib komandanın futbolçularının fitə basılması, meydandakı uşaqlardan birinə və hakimlərə qarşı homofob xarakterli təhqirlərin səsləndirilməsi, eləcə də tüpürmə halları qeydə alınıb. Baş verənlərdən təsirlənən bəzi uşaqlar meydanı göz yaşları içində tərk ediblər.
Gərginliyin artması səbəbindən təşkilatçılar iştirakçı idman klubları ilə razılaşaraq turniri dayandırmaq qərarına gəliblər. “VillaValle” klubu son qarşılaşmanın vaxtından əvvəl dayandırıldığını və mükafatlandırma mərasiminin ləğv olunduğunu açıqlayıb. Klub bu qərarın “idmanın dəyərlərinə zidd olan davranışlara qarşı qəti və birmənalı mövqe nümayiş etdirmək” məqsədi daşıdığını bildirib.
saytlarin hazirlanmasi

