UEFA Millətlər Liqasının beşinci turunda Danimarkaya 1:4 hesabı ilə məğlub olan Portuqaliya yığmasının müdafiəçisi Ruben Diaş, eləcə də yarımmüdafiəçilər Joao Palinya və Bernardo Silva milli komandanın düşərgəsini tərk ediblər.
Sportal.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu üç oyunçu qrup mərhələsinin noyabrın 17-nə təyin olunmuş Uelslə son matçında iştirak etməyəcəklər.
Portuqaliya futbol federasiyası bununla bağlı açıqlama yayıb: "Portuqaliya yığmasının üzvləri Ruben Diaş və Joao Palinya milli komandanın düşərgəsindən ayrılıblar. Onlar sarı vərəqə limitini doldurduqları üçün çərşənbə axşamı Kardiffdə Uelsə qarşı keçiriləcək oyunda iştirak edə bilməyəcəklər. Bernardo Silva da heyətdən ayrılıb. Portuqaliya Futbol Federasiyasının tibb və idman performansı şöbəsinin mütəxəssisləri tərəfindən aparılan tibbi müayinədən sonra onun oynamaq üçün hazır olmadığı müəyyən edilib. Bazar günü səhər saatlarından etibarən hazırlıqlar baş məşqçi Jorje Jezusun rəhbərliyi altında 24 futbolçu ilə davam etdirilir”.
saytlarin hazirlanmasi

