UEFA ABŞ-ın federal məhkəməsi vasitəsilə FİFA prezidenti Canni İnfantinoya qarşı mümkün cinayət işi üçün istifadə oluna biləcək sənədləri və ifadələri əldə etməyə çalışır.
Sportal.az "Reuters"a istinadən xəbər verir ki, Avropa konfederasiyası investisiya şirkəti "Thrive Capital" və onun təsisçisi Coşua Kuşnerdən müvafiq materialları tələb edib. Onların "FIFA Forward Enterprise" (FFE) layihəsinin dayandırılması ilə bağlı məlumatlara malik ola biləcəyi bildirilir.
Bu layihə çərçivəsində FIFA dünya çempionatları və təşkilatın digər turnirləri ilə bağlı kommersiya və əməliyyat hüquqlarının müəyyən hissəsinin özəl investorlara daimi əsasda satılmasını nəzərdən keçirirdi. Futbol təşkilatlarının tənqidlərindən sonra İnfantino avqustun 1-də bu ideyadan imtina edib.
UEFA İnfantino və ola bilsin, FIFA-nın digər nümayəndələrinin düzgün idarəçilik prinsiplərini pozması ilə bağlı şikayətlə İsveçrə prokurorluğuna müraciət etmək imkanını nəzərdən keçirir.
Bununla belə, hazırda FIFA prezidentinə və ya təşkilatın digər rəsmilərinə qarşı heç bir ittiham irəli sürülməyib. İnfantino hər hansı pozuntuya yol verildiyini inkar edir.
FIFA daha əvvəl UEFA-nın bu addımlarını təşkilatı və onun rəhbərliyini gözdən salmaq kampaniyası adlandırıb. Məhkəmə hələ nə UEFA-nın sənədləri və ifadələri əldə etmək tələbi, nə də FIFA strukturlarının prosesə qoşulmaq müraciəti ilə bağlı qərar verib.
saytlarin hazirlanmasi
