Müharibə uşaqlarının Azərbaycan futbolunda keçdiyi yol - YAZI

Azərbaycan futbolunun tarixi deyəndə nə ifrat təriflərə, nə də hədsiz tənqidlərə, münasibətə ehtiyac olmamalıdır. Ölkə futbolunun keçdiyi yol real faktlara, yaradılan mühitə söykənən təhlillərdən keçməlidir. Əks halda, bu gün də doğru yolun tutulması mümkün olmayacaq...

 

Futbolda 4-5 mühüm faktordan biri psixoloji yanaşmadır. Nəinki idmanda, həyatın özündə də belədir. İstənilən sahədə istedadı olanlara qayğı göstərməsən, əksinə, gecə-gündüz aşağılasan, insan bildiyini, özünəinamını da itirər. Belə durumda müsbətdən, hansısa inkişafdan söhbət gedə bilməz!

 

Azərbaycanda tarixən bütün məsələlərə qara fonda yanaşılıb. Düşmənlər miçəklərini fil etdiyi halda, bizlər yaxşılarımızı da əzmişik. Hər zaman pozitivlər kənara qoyulub, neqativlər axtarılıb. Yadlara dost, özümüz-özümüzə düşmən kəsilmişik. Təəssüf ki, keçmişdən günlərimizə kimi daşınan acı reallıqdır.

 

Futbol - kollektiv oyundur. İdarəçilik sistemi, ümumi hədəf uğrunda mübarizə yerində olmadan komanda oyunlarında nailiyyət qazanılmaz. Fərdiçilik meylləri, paxıllıq, milli ideologiyanın lazımı səviyyədə olmaması inkişafın qarşısına sipər çəkir.

 

Müharibə bitdikdən sonra, 40-cı illərin ikinci yarısında blokadadan, aclıqdan çıxmış Leninqrad, yerlə yeksan edilmiş Kiyev, Minsk SSRİ çempionatının elitasında davamlı təmsil olunduqları halda, əksər respublikalarla yanaşı Azərbaycan futbolu da yüksək liqadan kənarda qalmışdı...

 

Bu, ölkəmizdə istedadların olmaması anlamına gəlmir və gəlməməlidir. Çətin müharibə illərindən, dözülməz çətinliklərdən keçilsə də, viranə qalmış şəhərlərlə müqayisədə, o dövrdə Azərbaycan hakimiyyətinin futbola olan münasibətinin göstəricisi idi...

 

Rusiya, Ukrayna öz yerində, qonşu Gürcüstan buna əyani nümunə idi. Təşkilatçılıq, qayğı, milli təəssübkeşlik olmadan irəliləmək mümkünsüzə çevrilir. Azərbaycanda tək futbola baxış deyil, milli təfəkkür də yumşaq desək, bu günkü futbolumuzda olduğu kimi axsayırdı...

 

Komandalarımızın adları buna əyani sübutdur: "Neftyanik" Bakı, "Tekstilşik" Kirovabad(Gəncə), "Metallurq" Sumqayıt, "Proqress" Bakı... Burada Moskvanın münasibətindən daha çox vəzifədə olanların daxili mənəviyyatı, yuxarılara yarınma halları üzə çıxmış olur.

 

İnsaf naminə qeyd edilməlidir, mərkəz hər zaman respublikaların elitada təmsil olunmasını istəyib.1948-ci ildə futbolun coğrafiyasının genişləndirilməsinə qərar verildi. Güclülər dəstəsi reorqanizasiya edilərək bütün paytaxtların, sənaye şəhərlərinin çempionatda iştirakı təmin edildi...

 

Böyük şans idi... İlk oyunları oynadıqdan sonra "Neftyanik" qarışıq qazax, latış, eston, litva, özbək, türkmən, qırğız, moldova, erməni komandaları elitada çıxışlarını dayandırıb, yarışdan çıxarıldılar. Respublikalarda rəhbərliyin futbola olan münasibətinə görə ilk cəhd fiasko ilə nəticələndi.

 

Elitada komanda sayının az olması ümumi futbolun populyarlığına mane olmurdu. 100-lə komanda "B" klassında( l, aşağı dəstə) zonalar üzrə mübarizə aparırdı. Çoxşaxəli yarışda, "bataqlıqda" çıxış edib yüksək liqaya qayıtmaq müşkülə çevrilirdi.

 

50-ci illər Azərbaycan futbolunun passivinə yazılmalıdır. Şəraitin, münasibətin yerində olmadığı onillikdə öz dövrünün super istedadı Ə.Məmmədov aşağı liqada itib-batmaqdansa məcburiyyətdən Moskva "Dinamo"suna keçdi. 4 dəfə SSRİ çempionluğu, yığmada çıxışları, "San Siro"da möhtəşəm zəfəri...

 

Digər istedadlar da Azərbaycanı tərk edirdi. F.Tağızadə Leninqrada üz tutdu, digərləri də böyük sovetlər birliyi ərazisinə səpələnirdi.

 

Bölgələrimizdə isə yaradılan şərait daha acınacaqlı idi. Belədə yeni-yeni istedadların üzə çıxması, yetişməsi, qorunub saxlanılması mümkünsüzə çevrilirdi...

 

Çoxları düşünür ki, bir-iki istedadla iş bitməz.

 

Fikirlərin doğruluğu ilə yanaşı xüsusi vurğulanmalıdır, futbol komanda oyunudur. "Barselona"da onlarla bacarıqlı futbolçu olmasına baxmayaraq, Ronaldinyodan sonra 10 ildən çoxdur kollektiv Messinin üzərində qurulur.

 

Ə.Məmmədovun Bakını tərk etməməsi və ətrafında yeni istedadların yetişdirilməsi, ölkə futbolunda şəraitin artırılması, komandanın qorunması 50-ci illərdə futbolumuzu xilas edə bilərdi. Onillikdə heç bir uğur qazanılmadı.

 

Təbii, belə davam edə bilməzdi. İndiki T.Bəhramov adına stadionun tikintisi futbolun yaxın onillikdəki inkişafına təkan verdi. Şərait olmasa da, Azərbaycanda futbola həvəs sabaha ümid verirdi. Müharibə uşaqları, banişevskilər, babayevlər 50-lərdə həvəslə top qovaraq 60-ların dirçəliş illərinə hazırlaşırdılar...

 

(Davamı növbəti yazılarda).

 

Tahir Süleymanov

Tarix: 1 May [23:46]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Sentyabr 2020
17  Sentyabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio