Avropada taleyi qeyri-müəyyən olan 9 çempionat - Azərbaycan Premyer Liqası da var

15:16 - 29 May 2020

Avropada koronavirus pandemiyasına görə idman yarışları bərpa edilməyən 9 ölkə var: Azərbaycan, Andorra, Bosniya və Herseqovina, Gürcüstan, Şimali İrlandiya, Qazaxıstan, Latviya, Moldova və San-Marino.

 

Niderland, Belçika, Fransa, Şotlandiya, Cəbəllütariq, Lüksemburq, Malta və Uelsdə futbol mövsümü erkən sonlandırılıb. Qitənin digər ölkələrində isə futbol mövsümünün davam etdirilməsinə qərar verilib.

 

Sportal.az xəbər verir ki, UEFA-ya daxil olan 55 ölkənin yalnız 9-u futbol mövsümün ilə bağlı dəqiq qərar verməyib. Azərbaycanda AFFA-nın təşkilatçılığşı ilə keçirilən U-9, U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17 liqalarında, U-11, U-13, U-16 və Yüksək qızlar liqalarında, “Coca-Cola Məktəbli Kuboku” turnirində, Region Liqasında mövsüm başa çatdırılması ilə bağlı qərar verilib. Futzal liqaları və I Divizionda da mövsümün davam etdirilməyəci gözlənilir.

 

Bulvar və parklara girişin bərpası, muzey və sərgi zallarının fəaliyyəti, restoran, kafe və çay evlərində müştərilərə yerində xidmət bərpa olunsa da, ölkəmizdə idman fəaliyyətinə olan qadağa götürülmədi.

 

Azərbaycan Premyer Liqası ilə bağlı yenilik hələ yoxdur. Çempionatda 32, ölkə kubokunda isə 5 oyun qalıb. Ən yaxşı halda, ölkədə məşqlər iyunun 1-dən başlaya bilər. Komandalara hazırlıq üçün minimum 3 həftəlik vaxt verilsə, 37 oyunu 1 ay ərzində bölüşdürmək lazımdır. Çünki UEFA-nın tövsiyəsinə əsasən, çempionatlar avqustun əvvəlinə qədər başa çatdırılmalıdır.

 

Andorrada çempionatın bərpası ilə bağlı yenilik yoxdur. Cırtdan ölkənin klublarının iyunda məşqlərə başlayacağı gözlənilir.

 

Gürcüstan çempionatı ilə bağlı xəbər çıxmayıb. Komandalar son günlərdə qruplar halında məşqlər edir. İyun və ya iyulda çempionatın davam etdiriləcəyi ehtimalı olsa da, rəsmi qərar açıqlanmayıb.

 

Bosniya və Herseqovinada kafelər, restoranlar, ticarət mərkəzləri açılsa da, idman fıaliyyəti ilə bağlı yenilik yoxdur.

 

Şimali İrlandiyada da futbol mövsümünün taleyi məlum deyil. Bu ölkədə iyunun 8-dən sonra böyük mağazalar açılacaq və açıq havada idman fəaliyyətinə izn veriləcək.

 

Qazaxıstan çempionatının da nə vaxt başlayacağı barədə dəqiq məlumat yoxdur. Premyer Liqanın iyulun əvvələrinə kimi bərpa etdirilməsi planlaşdırılır. Qazaxıstanda mayın 25-dən ibadət yerləri, otellər, alış-veriş yerləri və ölkədaxili uçuşlar açılıb. İyunun 1-dən isə idman fəaliyyətinə icazə veriləcək.

 

Latviyada açıq havada hazırlıqlara icazə verilir. Amma burada da çempionatın taleyi məlum deyil. İyunun ortasına qədər çempionatın bərpa etdirilməsi planlaşdırılır. Ölkədə karantin rejimi mayın 12-də yumşaldılmışdı. İyunun 9-da isə karantin rejimi bitəcək. Latviyada kafelər, restoranlar, ticarət mərkəzləri qaydalara uyğun işləyir, kilsələr isə insanların üzünə bağlıdır.

 

Moldovada da çempionatla bağlı yenilik yoxdur.

 

San Marinoda futzal liqaları ləğv olunub, futbol çempionatları ilə bağlı məlumat yoxdur.

Xəbər xətti