Bakı klubu kapitanı ilə yolları ayırdı

17:33 - 6 Avqust 2020

Çağırış kubokuna qatılmaqdan imtina edən "Azerreyl" ötən mövsüm komandanın kapitanı olmuş sloveniyalı voleybolçu Moytsa Pene ilə yollarını ayırıb.

 

Sportal.az xəbər verir ki, 31 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Bununla bağlı təəssüratlarını bölüşən əcnəbi oyunçu koronavirus pandemiyası səbəbindən belə qərar qəbul olunduğunu bildirib: "İyun və iyulda fərdi məşqlər edirdim. Özümü yeni mövsümə hazır sayırdım. İndi isə B planı işə düşür. Özümə yeni klub tapmalı və komandama mümkün qədər tez qoşulmalıyam. Yenidən transfer bazarına üz tutmalıyam. Kimsə bu mövqeyə oyunçu axtarırsa, mən formadayam və başlamağa hazıram. Mənə xəbər edin".

 

Bakıda möhtəşəm bir il keçirdiyini yazan Pene məmnuniyyətlə Azərbaycana qayıtmaq istədiyini vuğulayıb: "Amma görün nə oldu. Vəziyyətə biz nəzarət edə bilmərik. Mənə əla və unudulmaz mövsüm keçirmək imkanı yaratdığı üçün kluba, aylarla qayğımı çəkən personala təşəkkür etmək istəyirəm. Düşünürəm ki, biz əla il keçirdik və bir oyun da uduzmadıq. Mənim düşüncəmdə biz çempion olduq, amma koronavirus bizi saxladı. Hər şey üçün təşəkkürlər, Bakı!!! İndi məni yeni sınaqlar gözləyir".

 

2020/2021 mövsümündə Çağırış Kubokunda iştirakdan imtina edən "Azerreyl" ilin əvvəlində əcnəbi oyunçularla imzalanmış muqavilələrə xitam vermək üçün əcnəbilərlə danışıqları davam etdirir.

Xəbər xətti