Gənclər Liqasının ləğvi “Qəbələ”ni ziyana saldı

“Qəbələ” klubu UEFA Gənclər Liqasının ləğv olunmasına görə ziyana düşüb.

 

Sportal.az xəbər verir ki, bu barədə “Report”a “Qəbələ” Futbol Akademiyasının direktor müavini Nail Kərimov məlumat verib.

 

O bildirib ki, qərar “Qəbələ”yə maddi və mənəvi cəhətdən mənfi təsir göstərib: “Bir ildir 19 yaşadək futbolçulardan ibarət komandalar qrupunda rəsmi oyunlar keçirilmir. Biz futbolçularımızı Gənclər Liqasına motivasiya edərək, Şimali Makedoniyanın “Şkupi” komandası ilə səfər oyununa hazırlaşdırırdıq. Bu gündən sonra uşaqları həvəsləndirmək çətin olacaq. Artıq yarış üçün müəyyən hazırlıq da görülmüşdü. Biletlərin alınması üçün depozit də qoyulub. Maddi cəhətdən də kluba zərbə dəydi”.

 

Kərimov məsələ ilə bağlı UEFA-ya irad bildirəcəklərini, amma hələ dünyanın sonu olmadığını əlavə edib: “Bu vəziyyətdən də çıxış yolu tapılacaq. Bəlkə də belə olması daha xeyirli idi. Səfər üçün ödədiyimiz depozit hissəsini, yəqin ki, geri almaq mümkün olmayacaq. Bu, klubun maddi itkisi olacaq. Səfərə getmək üçün tam hazır idik. Maddiyyat məsələnin sonuncu tərəfidir. Əsas odur ki, futbolçular yaxşı hazırlaşırdılar və motivasiya olmuşdular. Onlar üçün bu dövrü keçmək daha çətin olacaq”.

 

Direktor müavini UEFA-nın səfərə gedən komandalar üçün 25 min avro vəsait ayırdığını, lakin bu məbləğin oyundan sonra verildiyini vurğulayıb: “Bu, xərcləri qarşılamaq üçün nəzərdə tutulan vəsaitdir. Turnirdə iştirak haqqı verilmir. Biletlər baha olduğu üçün səfər təxminən bu məbləğə başa gələcəkdi. Amma adətən oyun keçirilir və səfərdən bir ay sonra ödəniş olur. Hazırda kluba heç nə ödənilməyib”.

 

Klub rəsmisi ziyana düşdükləri üçün UEFA-ya müraciət edəcəklərini də istisna etməyib: “Yəqin ki, müraciət olacaq. Hələ qərar dünən axşam verilib. Biz də yekun qərara gəlməmişik, bu barədə fikirləşirik”.

 

O, Avropa futbol qurumunun ötən həftə koronavirus pandemiyası səbəbindən yaranan problemlərə görə turnirlə bağlı iclas keçirdiyini xatırladıb: “İclasın sonunda iştirakçılardan biri müraciət etdi ki, pandemiyanın bu vəziyyətində yarışı keçirmək məcburidirmi? Təklif etdilər ki, bəlkə yarımçıq saxlayasınız, keçirməyəsiniz. Digər iki klubun da nümayəndəsi bu fikrə dəstək oldu. İclasda bildirdilər ki, məsələyə baxacağıq. Sonra bizə məktub göndərdilər ki. UEFA İcraiyyə Komitəsində müzakirə aparacaqlar. Müzakirələrin nəticəsində bu qərar verildi. Belə təxmin edirəm ki, Avropanın top-5 ölkələrində sərhədlər baxımından müəyyən problem olduğundan və yarış onlara elə də maraqlı gəlmədiyindən, UEFA belə qərar qəbul edib”.

 

Kərimovun fikrincə, Gənclər Liqasının ləğvi “Qəbələ”nin U-19 komandasının fəaliyyətinə təsir etməyəcək: “Uşaqlar məşq edirlər, yoldaşlıq görüşləri də keçirilib. Amma artıq bir ildir rəsmi qarşılaşma oynanılmır. Son rəsmi matçlar ötən ilin martın baş tutub. Məşqlər isə tam sürəti ilə davam edir, saxlamamışıq. Qış fasiləsindən indiyədək 5 yoldaşlıq oyunu keçirmişik. Daha 2-si də planlaşdırılır”.

 

Direktor müavinin sözlərinə görə, UEFA Gənclər Liqasının ləğvinin yeganə təsiri odur ki, futbolçularda müəyyən ruh düşkünlüyü olacaq: “Biz bu ruh düşkünlüyünü aradan qaldırmağa çalışacağıq. U-19 komandamızı və akademiyanı bu yarışa görə saxlamırıq. Bütün yaş qruplarında məşqlər mövsümün əvvəlindən indiyədək davam edir. Yekun məqsədimiz odur ki, əsas komanda üçün futbolçu yetişdirək. Bunu da edirik. Ümid edirik ki, növbəti mövsümün əvvəlində, yay hazırlığında daha 2-3 oyunçu əsas komandaya cəlb ediləcək. Məqsəd bu olduğu üçün məşqlər davam edirdi, mövsümün əvvəlində planlaşdırılan büdcə onsuz da ayrılıb. Gənclər Liqası üçün isə xüsusi hazırlığa ehtiyac yox idi. Hazırlığımız istənilən halda bu şəkildə olur, ciddi yanaşılır. Yarışın keçirilib-keçirilməməsinin akademiyanın sürətinə hər hansı təsiri ola bilməz”.

 

“Qəbələ” klubunun U-19 komandası martın 4-də UEFA Gənclər Liqasının 1/32 finalında Şimali Makedoniyanın “Şkendiya” komandası ilə üz-üzə gəlməli idi.

Tarix: 18 Fevral [14:50]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
8 Mart 2021
7  Mart 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio