Qurban Qurbanov: "Oyunumuzu daha da yaxşılaşdırıb inamımızı artırmalıyıq"

"Qarabağ" Avropa Konfrans Liqası qrup mərhələsinin 3-cü turu çərçivəsində Bakıda Qazaxıstanın "Kayrat" klubunu məğlub edib.

 

Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra baş tutan mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

 

- Futbolçuları təbrik edirəm. Çox yaxşı komandaya qarşı oynayırdıq. Fikizi cəhətdən də, standart vəziyyətlərdə də bizə çətinlik yaratdılar. İlk hissədə çox yaxşı pressinq edirdilər, hücumlara tez çıxırdılar. İkinci yarı biz onlara çətinlik yaratdıq. Futbolçular ruhdan düşmədilər, məğlub olmaq istəmirdilər. Əgər qalib gəlmək istəyiriksə, daha istəkli olmalıyıq. Bu istəyi oyunçularda gördüm. Möhtəşəm azarkeşlərə təşəkkür edirem. Onlar futbolçulara güc verdilər. Çoxdan idi futbolumuzda bele atmosfer olmamışdı.

 

- 3 oyuna 7 xal. İşin neçə faizini görmüsüz?

- Qarşıdakı 3 oyun 9 xaldı. 2 səfər oyunumuz var. Bizim üçün heç də asan deyil. 7 xal toplasaq da, rəqiblər bizə çox ciddi yanaşacaqlar. 3 xallıq sistemdə arxayınlaşmaq olmaz. Bəlkə də "Omoniya" üzərindəki 4:1 hesablı qələbədən sonra çoxları düşünürdü ki, bu gün rahat qələbə qazanacağıq. Amma dünən demişdim ki, "Kayrat"ın "Bazel"ə 2:4 hesablı məğlubiyyətinə aldanmaq olmaz. "Kayrat" çox təhlükəli komandadı. Hər 3 xal bizim üçün üstünlükdü. Qarşıdakı üç oyuna daha ciddi hazırlaşmalıyıq. Oyunumuzu daha da yaxşılaşdırıb inamımızı artırmalıyıq. Futbolçular daha da peşəkar olmalıdılar. Qalib gəlmişik deyə, qarşıdakı oyunda məğlub olmaq limitimiz var düşüncəsi olmamalıdı.

 

- Rəqiblərin sizə qarşı əks hücumda oynaması çətinlik yaradır?

- Yaradır, amma məsuliyyətimizi artıtır. Son vaxtlar tam hücum futbolu oynamaq istəyirik, buna fikir veririk. Amma bəzən rəqibin buna nə qədər imkan verdiyi önəmlidi. Hansı komandalara gücümüz çatacaq, mübarizə aparacağıq, tam deyə bilmərəm. Amma futbolçularım böyüyür, buna sevinirəm.

 

- “Qarabağ” 70-75 dəqiqə çətinlik çəkdi, ancaq sonlarda oyunu ələ aldız. Son dəqiqələrdəki oyunun “resept”ini deyə bilərsiz?

- Bəzi komandalar bu tip oyun üslubunu 90 dəqiqə davam etdirə bilmir. Buna görə səbrli olmaq lazımdı. İlk hissədə kənardan oyunçularımıza deyirdim ki, tələsməyin. Qalib gələn komanda adətən müdafiəyəmeyilli oynamağa başlayır. “Resept” odu ki, sona kimi mübarizə aparmalıyıq. Hesaba baxmadan eyni tempi qorumaq istəyirik. Sonradan meydana çıxan futbolçular da özlərini yaxşı tərəfdən göstərdi. Futbolçular özlərinə güvənib, sona kimi hücum etməkdən çəkinmədilər. Əzmkarlıq nəticəsində qələbə bizim oldu.

 

- Qolları daha çox tənqid olun futbolçuların vurması sizin üçün xüsusi əhəmiyyəti varmı?

- Hər bir futbolçunun qoluna sevinirəm. Ancaq gizlətməyəcəm, Ramilin qol vurmasına daha çox sevinirəm. Bir insan əziyyət çəkməyi bacarırsa, ona inamım çoxalır. Abbas hücumda daha aktiv ola bilər. Bəzən belə qollar oyunçuya əlavə inam verir. Hər ikisinə sevinirəm, Ramilin qol vurmasına daha çox.

 

- “Qarabağ” Konfrans Liqasında hansı nəticəni göstərsə, futbolçulardan tam razı qalarsız?

- Son vaxtlar futbolçulardan daha çox əzmkarlıq tələb edirəm. Bu olan yerdə nəticə də olacaq. Məğlub olduğumuz matçlarda da özümüzü məğlub kimi göstərməməliyik. Əziyyət çəkirlərsə, onlara inanıramsa, nəticə də tələb edirəm. Hər oyun qalib gəlsələr, hər birindən razı qalacam.

Tarix: 21 Oktyabr [23:20]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
30 Noyabr 2021
29  Noyabr 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio