"Evdən çölə çıxan kimi məni dairəyə alıb əllərində aparırdılar" MÜSAHİBƏ

Medianın İnkişafı Agentliyinin layihəsi


YAZI XX

 

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

 

Rüfət Quliyev xaricdə futbol karyerası yaşayan, məşqçi kimi divizionda çalışan, uşaq futboluna da yaxından bələd olan futbol adamlarımızdandır. Yəni, futbolumuzun incəliklərini bilən mütəxəssislərdəndir. Bunu nəzərə alaraq, ondan futbolumuzun durumu, uşaq futbolunu inkişaf etdirmək perspektivi mövzusunda müsahibə almaq qərarına gəldik.

 

Divizionda işlədiyi müddətdə “Ağsu” klubu ilə çempion olan, dəfələrlə mükafatçılar sırasında yer alan Quliyev bölgə klubundan ayrılandan sonra işsizdir. Müsahibəyə də elə bundan başladıq:  

 

- Hazırda nə işlə məşğulsuz, haralardasız?

- Hazırda futboldan kənarda qalmışam, çünki buna məcburam. Bir neçə yerə müraciət etmişəm, amma dəvət yoxdu. Mən şəxsən istənilən peşəkar komandanı çalışdırmağa hazıram. Şərtlərimi qəbul etsələr, nəticə də verə bilərəm. Ad çəkməyəcəm, amma dediyim fikirlərdən hər kəs biləcək kimi nəzərdə tuturam. Çempionatı sonuncu pillədə başa vururlar, amma məşqçi dəyişikliyi olmur. Peşəkar komandanı 10  ildən çoxdur ki, çalışdırırlar, nəticə yoxdu, amma yenə də işləyirlər. Lap yaxşı. Bəs, buna işi tapşıran soruşmur ki, niyə nəticə vermirsən. Ya da elə yığma komandalarımızı götürək. Heç bir nəticə vermirlər, nə mərhələ keçirlər, nə kubok qazanırlar, nə də hansısa yaş qrupumuz final mərhələlərinə düşür. Amma məşqçilər bir yığmadan digərinə keçirlər, yenə də iş başındadılar. Məşqçi nəticə vermirsə, onu orada saxlamağın mənası yoxdu. Başqalarına da şans vermək lazımdı axı. Onda biz niyə bu qədər məşqçi yetişdiririk? AFFA sağ olsun, bu qədər məşqçinin lisenziyaya sahib olmasına, oxumasına şərait yaradır. Əgər onlar nəticə vermirsə, başqalarına da şans vermək, başqalarını da dəyərləndirmək lazımdı. Amma bizdə elə deyil. Yenə də eyni şey illər boyu davam edir. Yaxud götürək, Region Liqasında birinci divizionda iştirak etmək üçün komandalara icazə veriblər. Amma təsəvvür edin, əsasnaməyə uyğun olmayan hərəkətlərə görə həmin komandaya 0:3 məğlubiyyət verirlər. Komanda birinci divizionda buraxılmasaydı, o zaman bu komandaya ilboyu xərclənən pulların hamısı hədər gedəcəkdi. Bunun üçün A  və ya Pro kateqoriyaya ehtiyac yoxdu. Bunun üçün çempionata qoşulmamışdan qabaq, komandanı götürəndən sonra əsasnamə ilə tanış olmaq lazımdı. Bir neçə il bundan qabaq bir klubdan baş məşqçini və köməkçini çıxarmışdılar. Səbəbi oynatdıqları oyunçunun əsasnaməyə uyğun gəlməməsi idi. İndi də həmin vəziyyətdi. Amma bizdə bu vəziyyətdə belə, hamını hər şey qane edir. Ona görə hələ ki, bizə şans gəlib çatmayıb.

 

- “Ağsu”da 7 ilə çalışdınız, hətta çempion da oldunuz. Oradakı komandanın taleyi necə oldu? Daha böyük işlər görüb, uğurlu nəticələr üçün nə çatmadı?

- Bəli, "Ağsu" da 7 il baş məşqçi kimi çalışdım. Orada futbolu sıfırdan yaratdıq. Azərbaycanda futbol olmayan bölgə idi. Birinci divizionda çempion olduq, iki dəfə ikinci yeri, iki dəfə üçüncü yer, bir dəfə dördüncü yeri tutduq. Ondan sonra öz xoşumla klubdan ayrıldım. Orada 5 fərqli yaş qrupunda komandalar yaratmışdıq. Uşaqları küçədə pis vərdişlərdın uzaq olub, ən azından idmana cəlb edirdik. Öz xoşumla oradan ayrıldıqdan sonra komanda da 7-8 ay sonra dağıldı. O komandadan qalan səhv etmirəmsə, yalnız Elnur Səmədovdu ki, indi də oynayır.

 

- Oğlunuz Kamran “Sabah”da oynayır. Onun gələcək perspektivini necə görürsüz?

- Kamranın müqaviləsi var, "Sabah" ın üzvüdü. Klubda o qədər lazım olmayan əcnəbilər var ki, bizimkilərə şans çatmır. Ona görə də əvəzedici heyətdə oyunlara çıxmağa məcburdur. Kamran mövsümü komandasının bombardiri kimi tamamladı. Divizionda bombardirlərin sıralamasında 2-ci oldu. "Sabah" a gəldikdə, bu qədər əcnəbini ora dəvət etmək nəyə lazım idi? Onlar kluba heç nə qazandırmadılar. Son 2-3 ildə nə qədər məşqçi dəyişiblər. Heç bir nəticə yoxdu, nə qədər pul xərcləyiblər. Düzdü, öz işləridi. Bəlkə də onları belə qane edir. Əlbəttə, istəyərdim Kamran da oynasın. Oğlum olduğuna görə demirəm, amma yaxşı futbolçudu. Bütün yığmalarımızda oynayıb. Pandemiyadan əvvəl  U-19 yığmasının tərkibində oynayarkən, Avropanın ən yaxşı 20 futbolçusunun tərkibindəydi. Üç il Litvada oynadı, orada da bombardirlər sırasında ikinciydi. Pandemiya dövründə viza məsələlərinə görə məcburiyyətdən Bakıya qayıtdı. İndi də "Sabah" ın üzvüdü. Əvəzedici heyətdə oynasa da, arabir əsas heyətə cəlb edilib. İndi də dediyim kimi, əcnəbiləri çox olduğuna görə, yerlilər üçün yer yoxdu.

 

- Uşaq futbolunun səviyyəsi barədə fikriniz necədi? Sizcə, necə inkişaf etdirmək olar uşaq futbolunu?

- Görün nə qədər uşaq liqaları var və hər liqada da minimum 13-15 komanda iştirak edir, hərəsində də 20-25 futbolçu. Gəlib 19 yaşına çatırlar, daha sonra heç bir klubda oynamırlar. Premyer Liqada 8 klubumuzdakı futbolçuların minimum 15-i legionerdi. 3-4 nəfər yığmalarda oynayanlar, 3-4 nəfəri də təcrübəlilər, 3-4 nəfəri də yetişdiriblər, ya da haradansa götürüblər. Bəs qalanları? Bu qədər liqalardan oyunçular gəlir, bəs sonra? Məcburiyyətdən ya bərbərliklə məşğul olurlar, ya da "konduktor" işləyirlər. Ona görə də vəziyyətimiz belədi. Vəziyyəti düzəltmək üçün daha çox azərbaycanlı uşaqlara şans vermək lazımdı. Futbolumuzun səviyyəsini qaldırmaq üçün onlar oynamalıdı. Neçə illərdi ki, deyirik, müvəqqəti olaraq əcnəbiləri milliləşdirək, onlar bizim üçün oynasın və onlar gedənə qədər öz uşaqlarımız gəlsin çatsın o duruma, o yaşa. Amma həmin vaxta qədər bizim futbolçular da gəlib çatmır. Niyə gəlib çatmır? Güləşçi güləşlə, karateçi karate ilə, futbolçu da futbolla məşğul olmalıdı. Amma bizdə elə futbol akademiyaları var ki, güləşçilər futbolçuya futboldan məşq keçir. Özləri bilirlər kimi deyirəm. Düzgün struktura olmalıdı, işi bilənlərə tapşırmaq lazımdı. Əgər işin öhdəsindən gələ bilmirsənsə, demək işləyə bilmirsən və başqasına şans verilməlidi. Yoxsa, başqası mənim kimi evdə oturub gözləməməlidir ki, kimsə, nə vaxtsa dəvət göndərəcək. Futbolda nəticə vermiş insanam. Azərbaycan futbolunda nəticə verənlər sırasında az da olsa, biz də varıq. İstər futbolçu, istərsə də məşqçi ikimi. İranda 7 il futbol oynamışam. Bu da az müddət deyil. Özü də Asiyanın ən tanınmış klublarından birində çıxış etmişəm. Oynadığım vaxtı da bir dəfə çempion olduq, bir dəfə gümüş medal qazandıq, ölkə kubokuna sahib çıxdıq. Asiya Çempionlar Liqasında iki dəfə üçüncü yeri tutmuşuq. Azərbaycan millisinin də üzvü idim, beş il millidə oynamışam. Ondan qabaq öz yaşıdlarım arasında, 1972-ci il təvəllüdlülərin SSRİ yığmasının üzvü idim. Qafqaz və Orta Asiyadan yeganə adam idim orada oynayan. Hazırda A kateqoriyasında olan məşqçiyəm. 7 il “Ağsu”da işlədim, 5 medal qazandıq. Uşaq futbolu yaratdıq. Belə baxıram, bu nəticələr heç kimə lazım deyil, görmürlər. Düzdü, hər kəs çalışır tanıdığına, yaxınına iş versin. Amma biz də kiməsə xeyir verə bilən, işləmək istəyən insanlarıq. Lap əvvəldə dediyim kimi, görünür hamını hər şey qane edir deyə, heç bir dəyişiklik də olmur. Bizim futbolun səviyyəsini yüksəltməyə gəldikdə, əcnəbiləri milliləşdiririk. Vaxtı gələndə bəziləri millidən imtina edirlər. Onları Azərbaycan futbolu maraqlandırmır. Heç vaxt da maraqlandırmaz. İstəyir məşqçi, istəyir də futbolçu kimi. Onları maraqlandıran yalnız məvacibləridi. Ona görə də biz daha çox özümüzünkülərə şans verməliyik. Limit məsələsini dəyişdirməliyik. 14 legionerdən çox olsa, klublar pul ödəyir. Elə onun əvəzinə legionerlər üçün limit qoyaq. Onsuzda Avropada nəticə verə bilmirik. Ən azından futbolçularımız böyüyər, şansları çoxalar. Ölkə xaricində oynayan iki futbolçumuz var – Mahir Emreli və Namiq Ələsgərov. Onlardan savayı kimimiz var ki, səs çıxarsın? Onların sayı nə qədər çox olsa, daha yaxşıdı. Uşaq futbol komandalarımız nə qədər çox beynəlxalq turnirlərdə iştirak etsə, bir o qədər yaxşıdı. Bir ara “Qəbələ” düzgün struktur qurmuşdu, hər il Qəbələdə beynəlxalq turnir keçirilirdi, hər il aşağı yaş qruplarından ibarət komandaları xaricə gedirdi. “Bakı” futbol akademiyası da həmçinin. Turnirlər keçirirdilər, özləri də gedib haradasa iştirak edirdilər. İndi də baxın, Premyer Liqa və divizion klublarına, çoxu “Qəbələ” və “Bakı”nın yetirmələridi. Yaxşı, bəs indi hansı akademiyadan danışaq? Futbol akademiyası belədir ki, uşaqlar orada qalmalı, oxumalı, qidalanmalı, futbol öyrənməlidi. Deyirik akademiya quruldu, yaxşı, bu akademiyanın işini görənin futboldan başı çıxır? Bölgələrdə akademiya yaradırıq. Biz bilirsiz onu niyə edirik? Deyək ki, sadəcə bizdə də var. Amma nə vəziyyətdədi, kimə lazımdı və sonrası necə olacaq, heç kimi maraqlandırmır. Sadəcə “qaloçka” qoyulsun ki, yəni bizdə də var. Akademiyalarda düzgün struktur, düzgün iş qurulmalı, işi bilənlər bu işi aparmalıdı. Mən bu işi sevirəm, bacarıram və bilirəm ki, bunu edə bilərəm. Yalnız oturub gözləyirəm ki, kiməsə bu həqiqətən lazımdırsa, onda yəqin ki, bizi də dəvət edərlər. Lazım deyilsə, belə də davam edəcək.

 

- İranda oynamısınız. Orada futbolun inkişafı ilə bağlı maraqlı nə görmüsüz? Bizim futboldan fərqləndirən nədir onları?

- İranda futbol “bum”u indi də davam edir. Səhv etmirəmsə, 5-ci dəfədir ki, İran dünya çempionatına vəsiqə qazanır. İranda futbolu çox sevirlər, azarkeşlər öz komandalarının futbolçularını demək olar ki, əllərində gəzdirirlər. İnandırım sizi, yaxşı mənada ailəmlə evimdən çölə çıxa bilmirdim. Evdən çölə çıxan kimi məni dairəyə alıb əllərində aparırdılar. Şəkil çəkdirən, imza alan, qucaqlayan, forma istəyən çox idi. Hörmətlə yanaşıb, çox istəyirdilər. Hava limanında qarşılayırdılar, otelin qarşısında səhərə kimi yatmırdılar, dəstəkləyirdilər. Hamı futbolla yaşayırdı. İndi də elədir. İranda oynayan əcnəbilər azdı, amma görürsüz dünya çempionatına yollanıblar. Asiyada nə qədər yaxşı nəticələr qazanırlar, nə qədər Avropada iranlı futbolçular oynayır. Bizi məhz bunlara görə üstələyirlər. Mənimlə indi də iranlı azarkeşlər arasında maraqlanan daha çoxdu, nəinki azərbaycanlılardan. Bayramlarda zəng edib təbrik edirlər, sosial şəbəkədə bir neçə qrup var ki, məni də ora daxil ediblər. Oradakı tədbirlərə, TV verilişlərinə dəvət ediblər. Bir-ikisində iştirak etmişəm. Amma gedib-gəlməklə bağlı problem olduğuna görə daha çox gedə bilmirəm. Çox istəyirlər məni, vurduğum qolları göndərirlər özümə tez-tez. Zarafat deyil, 7 ilə Premyer Liqada 250-dən çox oyun oynamışam, 34 qol vurmuşam. Bu da az rəqəm deyil. Bir o qədər də Azərbaycanda oynamışam ki, bu da 500 oyun edir. Yığma oyunları da var. Hamısı təcrübədi. Uşaq futbolunda işləyib, yeniyetmələrə yol göstərə bilərik. Çox istəyərdim ki, bu təcrübəni kiməsə verim. Uşaqlar bizdən çox şey götürə bilər, onlar üçün vasitə ola bilərik. Əfsuslar olsun ki, kənarda qalmışıq. Azərbaycan futbolu üçün nəsə etmək istəyən adamların adını sadalaya bilərəm. Amma kifayət etmir, çünki onlar azdı. Ətrafında olan çoxluq onlara o işi görməyə imkan vermir. Təki elə insan olsun ki, bizi eşitsin. Bizim gördüyümüz işi dəyərləndirsin. Heç olmasa bizə şans yaransın ki, sübut edək. Harada işləmişik, oynamışıqsa, nəticə qazanmışıq. 4 aya yaxın “Səbail”də U-17-lərlə işlədim, 3 ayda ən yaxın izləyicimizi 10 xal qabaqlayaraq birinci yerdəydik. Sonra müəyyən səbəblərə görə öz xoşumla ayrıldım. Orada da 3-4 ayın içində komanda yarada bildim, nəsə etmək istədim. Elə oldu ki, mənsiz davam etdilər. Uğurlar. Harada işləmişik yuxarı pillələr uğrunda çalışmışıq. Ümidvaram ki, elə insan tapılar dediklərimi oxuyar, eşidər, dəyərləndirər və bizi dəvət edər. Adama çox təsir edir. Demirəm ki, onlar olmasın, ancaq biz olaq. Sadəcə deyirəm, niyə bizə yer yoxdu? Mən də futbolumuz üçün az etməmişəm. Arif Əsədov SSRİ yığmasında dünya çempionu olub, Tərlan Əhmədov Avropa çempionu, Vladislav Qədirov da dünya çempionudu. Mən də SSRİ yığmasında oynamışam 3 il, Asiya çempionlar liqasında medallar qazanmışam. Mən də kömək edə bilərəm futbolumuza. Etmək də istəyirəm. Amma şans yaranmır.

 

Mirbağırağa Cəfərli

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb

 

Tarix: 22 May [14:22]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
28  İyun 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio