"Qurban Qurbanov transfer məsələlərinə həssas yanaşır, "Qarabağ"da püxtələşənləri çox görmüşük" - MÜSAHİBƏ

13:31 - 7 İyun 2023

Azərbaycanlı futbol mütəxəssisi, “Neftçi”nin sabiq məşqçisi Bəxtiyar Musayev Sportal.az saytına müsahibə verib. O, “Qarabağ”ın yeni transferi Hamidu Keyta haqda fikirlərini bildirib.

- “Qarabağ” yeni mövsümün ilk transferini həyata keçirdi. Ağdam klubunun “Zirə”də oynamış Hamidu Keytanı heyətinə qatmasına münasibətiniz necədir?

- Keyta komandaya xeyir verə bilər. Bilirik ki, Qurban Qurbanov transfer məsələlərinə həssas yanaşır. Komandaya dəvət edibsə, demək ki, ondan fayda görmək niyyətindədir. Keytanın bir sıra əskikləri olmasına rəğmən, çox yaxşı keyfiyyətləri də var. Komandaya yeni gələn futbolçularda bəzi çatışmazlıqların olduğunu, ancaq "Qarabağ"da püxtələşən legionerləri çox görmüşük. Ümid edirəm ki, Keytanın bəzi əskikləri aradan qalxar və komandaya çox faydalı oyunçu olar.

- Sizcə, Keyta Abudllah Zubirlə rəqabət üçün komandaya dəvət edilib?

- Düşünmürəm ki, Keyta transferi yalnız Abdullah Zubirə rəqabət üçün edilib. O, hücumda bir neçə mövqedə oynaya bilir. Bunu “Zirə”də oynadığı zamanda görmüşük. Keyta universal futbolçudur. Bəzi üstün cəhətləri var, sürətlidir, fiziki gücə malikdir, güclü zərbələr endirir. Amma zərbələrində dəqiqlik çatışmazlığı hiss olunur. “Qarabağ”da rotasiyalar tez-tez baş verir. Çempionat və avrokubok matçlarına çıxacaqlar. Bu mənada, heyətin güclənməsinə ehtiyac var idi deyə, transfer həyata keçirilib.

- Maraqlıdır ki, Keyta Bakıda xeyriyyə məqsədilə keçirilmiş “Qalatasaray”la görüşdə də meydana çıxmışdı...

- Keyta 1-2 gün “Qarabağ”la məşq etmişdi. İnanmıram ki, sırf həmin oyuna görə onu komandada görmək istəyiblər. Bir-iki oyun və məşqlə olası məsələ deyil. Qurban Qurbanov mövsümboyu Keytanı izləyib və öz komandasını gücləndirəcək futbolçu kimi gördüyünə görə, komandaya cəlb edib. İnanmıram ki, Keytanın “Qarabağ”a keçidi “Qalatasaray”la görüşdəki iştirakına görə baş tutub.

- Keytanın gəlişi Zubirin gedişinə işarədir?

- Xeyr, inanmıram ki, Keytanın gəlişi Zubirin gedişinə işarə olsun. Zubirin əvəzinə dərhal futbolçu tapmaq çətindir. Özü də, onun kimi futbolçu sayı çox deyil. “Qarabağ”ın güclənməsinə ehtiyac var idi. Avrokuboklarda görürüdük ki, zədəlilər, cəzalılar olurdu, oyunçu çatışmazlığı hiss edilirdi. Çempionat, kubok görüşləri də var. Avrokuboklarda geniş heyət olmalıdır. 

- Bəs, Keytasız “Zirə” çətinlik çəkəcək?

- Keytanın “Zirə”də vacib matçlarda bir sıra yaxşı oyunları var. Az sayda olsa da, sönük çıxışını da görmüşük. İnanmaq istəyərdim ki, onun yerinə daha da yaxşı futbolçu cəlb olunar və əskikliyi gözə çarpmaz. “Zirə” üçün lap böyük itki olduğunu da düşünmürəm. Amma müəyyən oyunlarda komandaya faydası dəyəcək futbolçu idi. Allah qoysa, “Zirə” onun əvəzinə daha layiqli futbolçu cəlb edəcək. Bizim də istədiyimiz odur ki, Premyer Liqamızdakı bütün komandalarda layiqli və faydalı legionerlər çıxış etsin.

Mirbağırağa

Xəbər xətti