"Karvan"ın baş məşqçisi: "Premyer Liqaya yüksəlmək üçün mübarizə aparacağıq"

14:55 - 18 Avqust 2023

Yeni mövsümdə I Liqada mübarizə aparacaq "Karvan"ın baş məşqçisi Kənan Kərimov "Zaqatala" ilə yoldaşlıq oyunundan (2:1) sonra Sportal.az saytına müsahibə verib:

- Yeni mövsümün hazırlığı necə gedir?

- Hazırlıq yüksək səviyyədə keçir. Ən tez başlayan komandalardan biri bizik. Yeni qurulan komandayıq, buna görə də tez başlamalıydıq. Düzdür, çətinliklər var idi. Amma artıq o çətinlikləri geridə buraxmışıq.

- Büdcəniz məlumdur? Dövlətin ayırdığı maliyyədən əlavə dəstəyiniz var?

- Bizim infrastruktur göz qabağındadır. Hazırda tikinti işləri gedir, stadionun ot örtüyü dəyişdirilir. Bəli, dövlətin ayırdığı vəsaitdən əlavə klub rəhbəri nə lazımdırsa, onu edir. Heç bir problemimiz yoxdur.

- Legioner transferi gözlənilir?

- Bəli. Hazırda baxışda yapon futbolçu var. Bir-iki nəfər də gələ bilər. Növbəti həftədə bilinəcək. Bizə uyğun futbolçu olsa, cəlb edəcəyik.

- Yevlaxa legioner gətirmək çətin deyil?

- "Karvan" köklü klubdur. Burada həmişə səviyyəli legionerlər olub. Yevlax əhalisi yaxşı futbolçuları burada görüblər. Məqsədli şəkildə I Liqaya qayıtmışıq. Çalışırıq ki, həmin azarkeşləri özümüzə cəlb edək.

- "Araz Naxçıvan" ötən mövsüm Premyer Liqaya yüksəldi. Bu, sizə motivasiya verir?

- Əlbəttə. Region komandalarının Premyer Liqaya buraxılması sevindirici haldır. Biz də mübarizədə varıq. Gələcəkdə Premyer Liqaya yüksəlmək üçün mübarizə aparacağıq.

- Qarşınıza çempionluq hədəfi qoyulub?

- Yox. Üst sıralarda qərarlaşmaq məqsədi qoyulub qarşımıza. Amma biz də çempionluq yarışında varıq. Qismətdir. Kim layiqdirsə, o da çempion olsun.

Xəbər xətti