"Bojoviçin olduğu yerlərdə qalmaqallar yaşanmır, komandanı pozitiv əhval-ruhiyyədə saxlaya bilir" 

16:53 - 26 Dekabr 2023

Miodraq Bojoviçin "Neftçi"yə təyinatı birmənalı qarşılanmayıb. Təcrübəli mütəxəssisin ölkəmizdə uğurlu olacağına inanlar da var, buna əks arqument gətirənlər də. 

Bojoviçin məşqçilik karyerasının böyük hissəsi Rusiya ilə bağlıdır. Bunu nəzərə alaraq, rusiyalı futbol agenti İmran Rzayevdən monteneqrolu məşqçinin təyinatına münasibət öyrəndik. Sportal.az saytına açıqlama verən İmran bəy Bojoviçin "Neftçi"yə xeyir verəcəyini düşünür:

"Miodraq Bojoviç yüksək səviyyəli mütəxəssisdir. Onun olduğu yerlərdə demək olar ki, qalmaqallar yaşanmır, həmişə komandanı pozitiv əhval-ruhiyyədə saxlaya bilir, futbolçularla daim ünsiyyətdə olur. Amma eyni zamanda necə deyərlər, heç kimin onun boynuna minməsinə də imkan vermir.

Bojoviçin Rusiyada işlədiyi klubların demək olar ki, hamısında nəticə də olub, oyun planında aktivlik də müşahidə edilib. Düşünürəm ki, Bojoviç "Neftçi"ni çox yaxşı səviyyəyə qaldıra bilər".

Xəbər xətti