Rahid Əmirquliyev: "Hədəfimiz I Liqaya çıxmaq, futbolu doğma şəhərə qaytarmaqdır" - MÜSAHİBƏ

18:20 - 2 May 2024

II Liqada mübarizə aparan "Şahdağ Qusar"ın kapitanı Rahid Əmirquliyev Sportal.az saytına müsahibə verib:

- Son turda "Füzuli" ilə heç-heçə etdiniz. Matçı necə dəyərləndirirsən?

- Çox ağır oyun oldu. Həm bizim üçün, həm də rəqib üçün 2-ci yeri tutmaq baxımından vacib matç idi. Oyun bizim üçün pis başlamadı, 2:0 öndə idik. Öz səhvimizdən qol buraxdıq. Son dəqiqələrdə qapımıza penalti təyin olundu və matç heç-heçə bitdi. Ümumi olaraq biz "Füzuli"dən üstün oynadıq, qələbəyə layiq idik. Qələbə qazanıb 2-ci pilləyə yüksəlmək istəyirdik. Amma son dəqiqədə verilən penalti bütün əziyyətimizi hədər etdi.

- Liderdən 7 xal geridəsiz. I Liqaya yüksəlmək şansları haqda nə deyə bilərsən?

- "Füzuli" ilə heç-heçə etdikdən sonra "Baku Sportinq" bizdən aralandı. Artıq onların əlçatmaz olduğunu düşünürəm. "Baku Sportinq"in qarşıdakı üç oyunda xal itirəcəyinə inanmıram. Çempion onlar olacaq. Ancaq bizim 2-ci yeri tutmaq şansımız var. Çempionatı 2-ci yerdə bitirmək üçün əlimizdən gələni edəcəyik. I Liqada çıxış etmək istəyirik. Bunu zaman göstərəcək.

- Son dəqiqələrdə qapınıza verilən penalti ilə bağlı düşüncələrin necədir?

- Bu oyun haqda çox danışmaq olar. 90+5-ci dəqiqədə penalti vermək... Bilmirəm top oyunçumuzun əlinə dəymişdi, yoxsa dəyməmişdi. Hakimin özünün də o epizodu gördüyünə inanmıram. Çünki, çox uzaqda idi. Oradan epizodu görmək qeyri-mümkündür. Hakim bizim qapıya penalti vermək üçün fürsət gözləyirdi. Ondan əvvəl iki epizod var idi ki, rəqibin qapısına 11 metrlik cərimə zərbəsi təyin edə bilərdi. Amma vermədi. Hakimlərdən çox danışmaq olar. Bu oyunda referi istəmirdi ki, "Füzuli" uduzsun.

- Premyer Liqada baş məşqçilər, futbolçular hakimlikdən şikayətlənir. Aşağı liqalar sanki diqqətdən kənarda qalıb. II Liqada hakimliyin səviyyəsi necədir?

- Bu mövzu qurtaran deyil. Premyer Liqada VAR sistemi ola-ola hakimlərimiz elə səhvlər edir ki, izah edə bilmirsən. II Liqaya gəlincə, VAR yoxdur, hakimlər istədiyini edirlər. Kiminsə haqqına girmək istəmirəm. Deyə bilmərəm ki, bilərəkdən edirlər. Ancaq qəsdən etmirlərsə, deməli onların səviyyəsi budur. Son matçımızdakı idarəçilik heç xoşuma gəlmədi. Hakim oyunboyu istəyirdi ki, "Füzuli" uduzmasın. Hakimlik Azərbaycanda problemdir. Premyer Liqada VAR sistemi olduğu halda səhvlər bitmir. O ki, qaldı I Liqa, II Liqa. Hakimlik çox pis vəziyyətdədir.

- Ev oyunlarınızı Şamaxıda keçirmək çıxışınıza necə təsir edir?

- Komandanın Şamaxıda çıxış etməsi bizim üçün yaxşı hal deyil. İstəyərdik ki, Qusarda, öz doğma şəhərimizdə azarkeşlərimizin qarşısında oynayaq. Təəssüflər olsun ki, orada stadion hələ hazır deyil. Düzdür, işlər gedir. İnanırıq ki, stadion yaxın zamanda hazır olacaq. Son matçda Qusardan bizi dəstəkləmək üçün xeyli azarkeş gəlmişdi. Onlara təşəkkür edirəm. Qusarda oynasaq, II Liqa olmasına baxmayaraq hər oyunda stadion tam dolar. Doğma şəhərdə çıxış etməyi səbrsizliklə gözləyirik.

- "Şahdağ Qusar"ın gələcəkdə Premyer Liqada iştirak etmək potensialını necə dəyərləndirirsən?

- Hədəfimiz yenə də I Liqaya çıxmaq, futbolu doğma şəhərə qaytarmaqdır. Azarkeşlər futbol üçün darıxıb. Qusarda həmişə futbol olub, mən "Şahdağ Qusar"ın yetirməsi olmuşam. Klub Premyer Liqada çıxış edirdi. Köhnə vaxtlara qayıtmaq istəyirik. Əlbəttə bunun üçün vaxt lazımdır. Ümidim var ki, "Şahdağ Qusar" gələcəkdə yenə Premyer Liqada çıxış edəcək. Yaxşı komanda qurmaq üçün xeyli vaxt lazım olacaq. Amma ümid var, bu istiqamətdə işlər gedir. Mövsümün bitməsinə üç tur qalıb. Ümidimizi üzməmişik. Çempionatı 2-ci yerdə bitirib pley-off oynaya bilərik. I Liqaya yüksəlmək üçün sona qədər vuruşacağıq. Bir il tez, bir il gec, Qusara böyük futbol qayıdacaq.

Elçin Əlixan

Xəbər xətti