"Qalatasaray"da oynayan millimizin üzvü: "Rəqiblərimiz daim səhv etməyimizi gözləyirdilər"

13:34 - 15 May 2024

"Qalatasaray"ın heyətində Türkiyə çempionluğu yaşayan qadınlardan ibarət Azərbaycan milli komandasının üzvü Nazlıcan Parlak Sportal.az saytına açıqlama verib. 

Parlak, mövsümün onlar üçün uğur olsa belə, çətin alındığını bildirib: "Mövsümün böyük hissəsini lider kimi keçirdik. Amma heç cürə asan mövsüm olmadığını deyə bilərəm. Çox dəyərli, güclü rəqiblərimiz var idi. Onlar daim bizim səhv etməyimizi gözləyirdilər. Elə son matça qədər də bizi izləyirdilər. Amma şükür Allaha, son matçda da qalib gələrək çempionluğumuzu elan etdik. Buna görə çox sevinirəm, xoşbəxtəm".

"Qalatasaray"ın üzvü çempion olduqdan sonra ona milli komandamızın baş məşqçisindən təbrik gəldiyini də deyib:

"Belə deyim də, hardasa hər mövsüm azərbaycanlı qız futbolçumuz çempionluq yaşayır. Çempionluqda bayrağımızı qaldırmaq mənim üçün çox önəmli idi. Təbii ki, Azərbaycandan da təbriklər gəldi. İlk zəng edən millidəki baş məşqçim Siyasət Əsgərovdən gəldi. Millidəki bütün məşqçilər, oyunçular da məni təbrik etdi. Hamısına təşəkkür edirəm".
 

Xəbər xətti