"Kameraların sayı artırılmalıdır ki, hakimlərin qərarları daha asan və daha aydın olsun" - MÜSAHİBƏ

13:18 - 10 Aprel 2024

“Sumqayıt”ın legioneri Roi Kehat Sportal.az saytına müsahibə verib.

- "Sumqayıt" son turda "Neftçi" ilə bərabərə qaldı. 1:1 hesabı sizi razı saldı, yoxsa yalnız qələbə istəyirdiz?

- Xeyr, bu nəticə bizi qane etmədi. Biz bu oyunda qalib gəlməyi planlaşdırırdıq. Düzü, bu görüşdə qələbə qazanmaq imkanımız az deyildi. Lakin olmadı.

- Hesab 1:0 olduğu vaxtda, Kazimir Ninqa, Abu Dosso və Rövlan Muradov 100 faizli qol epizodlarından yararlana bilmədi. Yəqin ki, həmin epizodlar qolla nəticələnsəydi, "Sumqayıt" "Neftçi"ni məğlub edəcəkdi?

- Futbolda şansın əldə çıxması hadisəsi hər zaman baş verə bilər. Hesab edirəm ki, bərabərlik qolundan əvvəl və ya sonra daha bir qol daha vursaydıq, oyunu qazanacaqdıq.

- Bu matçda sən də qol vurdun, amma oyundankənar vəziyyət olduğu üçün qeydə alınmadı. Həmin epizoda baxmısan? Səncə, ofsayd var idi?

Bəli, bir neçə dəfə baxmışam. VAR bəzən sənin xeyrinə işləyir, bəzən də yox. Mənim vurduğum qol zamanı hesab edirəm ki, ofsayd olub-olmadığını müəyyən etmək üçün kifayət qədər yaxşı rakurslar yox idi. O an meydanda gördüklərimə görə, onların sonuncu müdafiəçisi ilə xəttdə idim. Məncə, Premyer Liqanın oyunları zamanı kameraların sayı artırılmalıdır ki, hakimlərin qərarları daha asan və daha aydın olsun.

- "Sumqayıt"ın ev oyunlarına azarkeşlər çox gəlmir. Bu nə ilə əlaqədardır? İsraildə isə azarkeşlər oyunlara gəlib, komandalarını dəstəkləyir. Fərq nədədir?

Mənim üçün bu sirrdir. İnsanların oyunlara nəyə görə gəlmədiyini başa düşə bilmirəm. "Neftçi"yə qarşı stadionun açılışı olan oyunu xatırlayıram. Stadionda açılış matçındakı kimi azarkeşlərimiz gələndə, bu, bizə böyük motivasiya verir.

- "Sumqayıt" hazırda dördüncü pillədə yer alıb. Amma qalib gəlsəydiniz, üçüncü pilləyə yüksələrdiniz. Hazırkı vəziyyət səni razı salır? Səncə, avrokuboklara vəsiqə qazana biləcəksiz?

- Bu il liqa çox izdihamlıdır. İkinci yerlə 7-ci yerdə qərarlaşan komanda arasında 7 xal fərq var. 21 xal qalıb və mübarizə sona qədər davam edəcək. Əgər turnir cədvəlinin yuxarı pilləsində qalmaq istəyiriksə, stabil olmalıyıq.

- Ümumiyyətlə, “Sumqayıt” avrokuboklara vəsiqə qazanarsa, orada mərhələ keçə biləcək gücə malikdir? 

- Avrokuboklarda püşkatmada da bəxtiniz gətirməlidir. Amma ən əsası oraya çatana qədər komanda olaraq inkişaf etməliyik.

- Azərbaycan Premyer Liqası haqda fikrin necədir? Hər şey ehtimal etdiyin kimi oldu, yoxsa, Premyer Liqanın daha güclü olduğunu düşünürdün?

Düşünürəm ki, Azərbaycan çempionatı kənardakı insanların düşündüyündən də güclüdür. Premyer Liqada çoxlu sayda keyfiyyətli futbolçular oynayır. Düzü, gəlməzdən əvvəl nə gözlədiyimi bilmirdim. Amma gördüyümü deyirəm ki, çox yaxşı liqadır.

- Əvvəllər Azərbaycan klubuna qarşı oynamısan. “Makkabi”(Tel-Əviv) klubunun heyətində “Xəzər Lənkəran”a qarşı matçı xatırlayırsan?

- Bu oyun 2011-ci ildə keçirilib. Düzü, çox da xatırlamıram.

- Maraqlıdır ki, son illərə qədər Azərbaycanda yalnız bir israilli futbolçu oynamışdı, o da İdan Vaytzman idi. Amma son 2 ildir ki, Azərbaycana israilli oyunçuların axını başlayıb. Səncə, Azərbaycan klublarının israilli futbolçulara marağı artıb, yoxsa israilli futbolçular Azərbaycana gəlməyə müsbət yanaşır?

- Mən İdanı şəxsən tanımıram. Amma bir neçə dəfə ona qarşı oynamışam. Bəli, düşünürəm ki, maraq indi artıb. Bu da əvvəllər Azərbaycanda oynamış oyunçuların liqa, ölkə haqda, İsraillə Azərbaycan arasındakı yaxşı münasibətdən, həmçinin Azərbaycan komandalarının avrokuboklardakı uğurlarından danışdıqları liqaya artan maraqdan irəli gəlir. Bütün bunlar birləşərək liqanı cəlbedici edir.

Mirbağırağa
 

Xəbər xətti