"Qarabağ"ın hücumçusu Musa Qurbanlı Sportal.az saytına açıqlama verib. O, Misli Premyer Liqasının 24-cü turunun "Sabah"la görüşündəki 1:1 hesablı nəticəsini şərh edib: "Sabah"la matçda qalib gəlmək istəyirdik. Sadəcə nələrsə çatışmadı. İkinci hissədə daha yaxşı oynadıq. Rəqibi tamamilə müdafiəyə sıxmışdıq. Amma nələrsə çatışmadı. Bəzən son toxunuşlar...Ani diqqətsizlik qol buraxmağımıza səbəb oldu. Qələbə qazanmağı çox istəyirdik. Alınmadı. Bir xalla kifayətləndik. Qarşıdakı matçlara köklənəcəyik".
O, son vaxtlar "Qarabağ"da start heyətində oynamamasına və yenidən legioner həyatınıın mümkünlüyündən söhbət açıb: "Baş məşqçinin qərarıdır, necə məsləhət görürsə, elədir. Mən ancaq öz üzərimə düşən vəzifə ilə maraqlanıram. Hər məşq maksimum çalışıram, əlimdən gələni edirəm. Allah qoysa, şans düşər, biz də oynayarıq. Legioner həyatı yaşamağa gəldikdə, inanırsız, vallah hələ heç nə bilmirəm. İndi heç nə haqda düşünmürəm. Getmək-qalmaq haqda fikirləşməmişəm. Hazırda "Qarabağ"ın futbolçusuyam, yalnız buna köklənmişəm. Xeyirlisi olsun. Tam səmimi deyirəm Qurban Qurbanovla bu haqda heç bir danışığımız olmayıb".
Musa, "Qarabağ"ın bu mövsüm əsas məqsədinin "qızıl dubl" etmək olduğunu deyib: "Əlbəttə ki, bizim hədəfimiz həmişə maksimum titul qazanmaqdır. Bu mövsüm də çox istəyirik ki, titullar qazanaq. Nə qədər çox titul qazansaq, həm komandamız üçün, həm də şəxsi karyeramız üçün üstünlükdür. Bunun üçün sona qədər mübarizə aparacağıq".
Mirbağırağa
saytlarin hazirlanmasi