"Sumqayıt" Misli Premyer Liqasının 24-cü turunda səfərdə "Neftçi"yə 0:1 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Vaqif Cavadov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- "Neftçi"ni qələbə münasibətilə təbrik edirəm. Onlara uğurlar arzulayıram. Oyundan çox danışmaq istəmirəm. Gedişatı özünüz də gördüz. İnanıram ki, düzgün və ədalətli məqalələr yazılacaq. Təhlil etsəz, daha yaxşı olar. Həm hakimlərlə, həm oyunla bağlı... Başqa söz deməyə ehtiyac yoxdur.
- Özünüz nə deyirsiz bəs?
- Gördüyüm var. İndi açıqlasam, ya cəza alacam, ya da intriqaya səbəb olacam. Sizin ədalətli yazılarınızı oxuyuruq. Düzgün analiz edib, oyunumuzla bağlı təhlil edə bilərsiz. Oyundan razıyam və komandama təşəkkür edirəm. Belə oyunla ancaq irəli...Növbəti matça hazırlaşacağıq. Hər şey yaxşı olacaq.
- Hakimlikdən narazısız?
- Təhlili özünüz edin. Mən dediyimi dedim. Son 10 dəqiqəyə nəzər yetirin. Meydanda hansı qərarlar verildi. Özünüz də görəcəksiz, bizim penalti 100 faiz idi, vermədilər. Hakimlər haqda danışmaq istəmirəm. Uduzmuşuq. Sizdən xahiş edirəm, təhlil edin, qiymət verin. Bəlkə də kimlərsə cəzasını alacaq.
- Aydındır ki, hakimlikdən narazısız. 80-ci dəqiqəyə qədər olan futbolunuzu analiz etsək...
- Qol epizodları "Sumqayıt"da daha çox oldu. Yararlana bilmədik. Daha çox çalışacağıq. 80-ci dəqiqəyə qədər olan epizodlar "Sumqayıt"ın xeyrinə idi.
- Hava şəraiti təsir etdi?
- Hər iki komanda üçün eyni şərait idi. Planlarımızı heç nə pozmadı. Hazır idik. Bugünkü oyun onu göstərdi ki, hər cəhətdən komandam üstün idi.
- Bundan əvvəlki oyunları götürsək, belə görürük ki, sizin rəhbərliyiniz altında komanda ilk hissədə daha yaxşı çıxış edir. İkinci hissədə isə eniş var. Belədir?
- Razıyam. Digər oyunlarda elədir. Amma sonradan meydana buraxdığımız oyunçular hazır gəlməyib. Bəzilərində 1-2 ay keçib. Amma birdən-birə onları yüksəlsək, yenidən zədələnəcəklər. Ronaldo, Momo Yansane də həmçinin. Bu yöndə çalışırıq. Bugünkü oyunda 90 dəqiqə ərzində pressinq etdik, qol imkanlarımız oldu. Bəzi səbəblərə görə uduzduq. Futboldur. Növbəti matça hazırlaşmaqlıyıq.
- 9 oyundur qol vurmursuz. Ötən dəfə cadu məsələsini dediniz. Bəs, göstərdiyiniz oyunla heç əlaqəsi yoxdur qol vurmamağın?
- Cadu? Bunu dilə gətirməmişəm. Bilirik ki, bu ifadə yarı zarafat, yarı emosiya ilə deyilib. Qol vura bilmiriksə, problem var. VAR-da olan hakimlər bəzi epizodlarda görmürsə...Komandamdan razıyam. Ruhdan düşmürük. Çempionat gərgin keçir. İnanıram ki, vəziyyətdən çıxacağıq.
- Kubok matçınız da var. İndiki "Sumqayıt" "Sabah"ı keçə bilər?
- Birinci oyun göstərdi ki, biz keçə bilərik. Bu gün də yaxşı mübarizə apardıq. "Sabah"la birinci oyun imkan verir ki, mərhələ adlayaq. Hansı komanda uğurlu, istəkli olacaq, mərhələ adlayacaq. Kubokda qolla bağlı hər şey qaydasında olacaq.
- AFFA İK-nin iclasından sonra dəqiqləşdi ki, sonuncu pilləni tutan komanda liqanı tərk edəcək. "Sumqayıt" addım-addım son pilləyə yuvarlanır. Hazırkı vəziyyət sizi narahat edir?
- Turnir cədvəlinə baxmısız? Neçənci yerdəyik? Narahat etmir. "Səbail"in 17 xalı var. Sonuncu yerə düşmək başqa şeydir. İntriqa yaratmayaq. Riskli zonadayıq. Amma bu məğlubiyyətə görə sonda deyilik. Bizim 22 xalımız var. "Şamaxı" da bizi udub keçə bilər. Bizi düşündürən məsələ hər oyundan-oyuna artırmağımız, qol vurmağımızdır. Çalışacağıq ki, nəticə əldə edək.
Mirbağırağa
saytlarin hazirlanmasi