"Futzala yanaşma dəyişsə, 2-3 ilə yaxşı milli komanda yaratmaq mümkündür"

12:22 - 2 Avqust 2025

Minifutbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Elşad Quliyev Sportal.az saytına açıqlama verib. 

Ötən ay tələbələr arasında Avropa Universitetləri Futzal Çempionatının qalibi olan komandamızın baş məşqçisi Quliyev bu uğurdan bəhs edib. Bununla yanaşı, o, futzal çempionatımızın durumundan söhbət açıb:

"Düzünü desəm, çempionluq haqda çox da fikirləşmirdik. Daha çox fokuslanmışdıq ki, mükaftçılar sırasına düşək. Çünki tələbələrdən ibarət futzal komandamız illərdir ki, yarışlarda iştirak edir. Ən yaxşı nəticəmiz elə mənim rəhbərliyim altında 5-ci olmuşdu. O da ötən il idi. Buna qədər heç vaxt belə yaxşı nəticə qazanmamışdıq. Çox çətin oldu. Belə olacağını da bilirdik. Amma uşaqlar bu işin öhdəsindən gəldilər. İnanıram ki, daha yaxşı potensiala malik uşaqlarımız var. Zaqrebdə digər komandalarla birlikdə qalırdıq. Məşqçilərlə görüşürdük, yaxşı münasibətlər qurmuşduq. Tanıdığımız məşqçilər də var idi ki, onlarla da danışırdıq, söhbətimiz olurdu. Minifutbol üzrə dünya çempionu olmağımız haqda soruşurdular.

Azərbaycanda potensialı olan futbolçular yetişir, futzalda da var. Düzdür, çox deyil, amma az da olsa, yaxşı uşaqlar var. Onlar elə Zaqrebdə sübut etdilər ki, güclü komandalara qarşı necə oynamaq lazımdır. Əslində, futzala yanaşma dəyişməlidir. Futzala yanaşma dəyişsə, 2-3 ilə yaxşı milli komanda yaratmaq mümkündür. Çünki o potensialda gənclərimiz var. Sadəcə işləmək lazımdır. Çempionatımızı da daha da gücləndirmək mümkündür. Ölkə çempionatımız nə qədər ki, bu səviyyədə davam edəcək, millinin uğurundan danışmağa dəyməz. Alınan bir şey deyil".

Minifutbol üzrə “Zirə” və milli komandamızın baş məşqçisi Çempionlar Liqasındakı şanslarından da danışıb:  “Çempionlar Liqası sentyabrın 7-də başlayacaq. Ölkəmizi 3 komanda təmsil edəcək. Çünki “Birbaşa Bakı” ötən il Çempionlar Liqasını qazanmışdı. Reytinqə görə, "Aznur" və "Zirə" də oynayacaq. Turnirdə çox güclü komandalar yer alıb. İnanıram ki, Azərbaycan komandaları yaxşı oynayacaq, yaxşı nəticələr qazanacaq. Çünki "Birbaşa Bakı" da çox güclüdür. Millinin əsas heyəti oradadır, "Aznur" da güclüdür. "Zirə"nin də çempionluq şansı var. Kuboku Azərbaycana yenidən gətirə bilərik. Şanslarımız çoxdur. Ancaq təbii ki, turnirdə Rumıniya, İngiltərə, Monteneqro, Slovakiya, Macarıstan kimi ölkələrin güclü klubları var. Ümidvaram ki, hər şey yaxşı alınacaq".

Mirbağırağa

Xəbər xətti