"Karvan-Yevlax" Azər Həşimovla zarafat edir? - istefaya göndəriləndən bir həftə sonra işə niyə gəlmədiyinə dair məktub göndəriblər

16:23 - 13 Yanvar 2026

Qəribəliklərlə dolu Azərbaycan futbolunda əcaib hadisələr bitmək bilmir. Azər Həşimov saytımıza açıqlamasında bildirib ki, istefaya göndəriləndən bir həftə sonra nə üçün işə gəlmədiyinə dair klubdan məktub alıb:

"2025-ci il dekabrın 1-də poçt vasitəsi ilə məktub gəlmişdi ki, məşqlərə niyə gəlmirsən? Halbuki noyabrın 24-də iclas keçirərək, Füzuli Məmmədovu baş məşqçi postuna təyin etmişdilər. Özüm də dekabrın 2-də Yevlax şəhər stadionunda olmuşam. Dekabrın 3-də "Qarabağ"la kubok görüşündə "Azərsun Arena"da canlı olaraq matça baxmışam. Ondan sonra heç kəslə danışmamışam, mənimlə də əlaqə saxlamayıblar".

Mətbuat da, azarkeşlər də həmişə Premyer Liqada klub sayının artırılmasına tərəfdar olub. Xüsusən bölgə təmsilçilərinin elitada çox olması dəstəklənib. Amma bu məsələnin başqa tərəfi odur ki, "Karvan-Yevlax"ın nümunəsində bəzi klubların rəhbərliyi təfəkkür olaraq Premyer Liqanın meyarlarına uyğun gəlmir. 

Əgər bir məşqçi istefaya göndərilirsə, təzminat tələb etmək onun haqqıdır. Klubun üzərinə düşən, müqaviləyə uyğun olaraq həmin tələblərin qarşılanmasıdır. Təsəvvür eləyin, bir aydan çoxdur ki, "Karvan-Yevlax"ı Füzuli Məmmədov çalışdırır, amma rəsmiyyətdə hələ də Azər Həşimovun adı gedir. 

Klub Azər bəyin təzminatını ödəməmək üçün müxtəlif yollara əl atır. Halbuki bunun qanunla tənzimlənən sadə yolu var: müqaviləsi birtərəfli pozulduğu üçün təzminatı ödənilsin, Həşimov imzasını atıb, getsin!

Sportal.az

Xəbər xətti