"Şamaxı" Premyer Liqada bunu edən 3-cü komandadır

11:55 - 16 Mart 2026

Misli Premyer Liqasının XXIV turu “Şamaxı” üçün ikiqat yubileylə əlamətdar olub.

Sportal.az PFL-ə istinadən xəbər verir ki, əvvəllər “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adlarını da daşımış komanda Premyer Liqada 300-cü, tarixində 400-cü qələbəsini qazanıb. “Şamaxı” “Sumqayıt”la səfər görüşündə 1:0 hesabına sevinib. Azərbaycan çempionatının yüksək dəstəsində 717-ci matçına çıxan komanda 300-cü dəfə meydandan 3 xalla ayrılıb. Qələbələrdən 175-i evdə, 125-i səfərdə qeydə alınıb.

“Şamaxı” turnirin tarixində 300 və daha çox qələbə qazanan 3-cü komandadır. Yalnız “Qarabağ”la “Neftçi” daha çox oyunda qalib gəlib. 1999/2000 mövsümündə “Xəzər Universiteti” kimi debüt edən komanda ilk qələbəsini 1999-cu il noyabrın 21-də “Xəzər”lə (Sumqayıt) ev görüşündə əldə edib. Azərbaycan kubokunda 60, avrokuboklarda 16, birinci liqada 16, “Birlik kuboku”nda 8 qələbəsi olan “Şamaxı”  bütün turnirlər nəzərə alınmaqla 400-cü dəfə rəqibini məğlub edib.

Xəbər xətti