"Koxalskiyə sarı vərəqə göstərilməliydi" - sabiq FİFA referisi

13:19 - 23 Aprel 2026

Türkiyəli sabiq FIFA referisi Deniz Ateş Bitnel Azərbaycan kubokunun 1/ 2 final mərhələsinin “Sabah” – “Qarabağ” oyunundakı bir  epizodu şərh edib.

Sportal.az xəbər verir ki, Bitnel daha çox müzakirələrə səbəb olan Mateuş Koxalskinin qırmızı vərəqə ilə cəzalandırılmasına münasibət bildirib.

"Footcast" səhifəsinə danışan türkiyəli, matçın baş hakimi Rəvan Həmzəzadənin həmin epizodda doğru qərar vermədiyini söyləyib: 

"Bir oyunçuya qırmızı vərəqə göstərmək üçün yıxdığı futbolçunun bariz qol vurmaq şansı olmalıdır. Hakim burada qapıçının etdiyi fouldan sonra epizodu avantaja buraxır. Onsuz da, yerə yıxılan futbolçu qapıya zərbə vurmur, sadəcə ötürmə verir. Ötürmə verdiyi futbolçunun bariz qol şansı var. Əgər ona qarşı hansısa qayda pozuntusu edilmiş olsaydı, ona qarşı kobud oynayana qırmızı vərəqə göstərmək olardı. Ancaq hakim avantaja buraxır, top dirəkdən döndükdən sonra epizod bitər-bitməz qapıçıya maksimum sarı vərəqə göstərmək mümkündür. Çünki bu avantajın geridönüşü olmur. Avantaja buraxmısansa, daha sonra "qırmızı" vermək doğru qərar deyil. Dərhal qayda pozuntusu qeydə alınsaydı da, qapıçıya sarı vərəqə göstərmək olardı. Ona görə də, bu epizodda verilən qərar xətalıdır".

Xəbər xətti