"Səbail" "Şuşa" olur?

15:54 - 5 May 2026

I Liqada çıxış edən "Səbail" yeni sponsor tapıb.

Sportal.az Sportlife.az-a istinadən xəbər verir ki, "Aztürk Holding" paytaxt təmsilçisini öz himayəsinə götürmək istəyir. Tərəflər arasında danışıqlar davam edir. 

"Aztürk Holding"in rəhbəri hazırda "Şuşa" klubuna da pul ayırır.  "Səbail"lə danışıqların əsas predmeti ondan ibarətdir ki, şirkət cari mövsümün sonunadək kluba sponsorluq edəcək. Daha sonra aşağı dəstə təmsilçisinin bütün səhmləri alınacaq. Növbəti mövsümdən isə "Səbail"in adının dəyişdirilərək "Şuşa" edilməsi planlaşdırılır.

Qeyd edək ki, "Aztürk Holding" hazırda Azərbaycanda innovativ texnologiyalar və nəhəng turizm layihələri ilə diqqət mərkəzinə gələn əsas qurumlardan birinə çevrilib. Şirkətin ən strateji təşəbbüsü olan "NeoOrdo" layihəsi çərçivəsində ölkədə irimiqyaslı Süni İntellekt fabrikinin qurulması və 36 hektarlıq ərazini əhatə edən müasir əyləncə-turizm kompleksinin inşası nəzərdə tutulur. Holdinqin rəhbəri Güləli Bağırovun rəhbərliyi ilə Çin mərkəzli texnologiya nəhəngləri ilə imzalanan əməkdaşlıq müqavilələri həm minlərlə yeni iş yerinin yaradılmasını, həm də ölkə iqtisadiyyatına xarici investisiyaların cəlbini hədəfləyir. Tikinti, logistika və səhiyyə kimi sahələrdə də fəaliyyət göstərən holdinq, dövlət büdcəsinə yük olmadan özəl sərmayələr hesabına Azərbaycanın texnoloji infrastrukturunu beynəlxalq standartlara çatdırmağı planlaşdırır.

Xəbər xətti