Kurban Berdiyev: "Gözlənilməz heç nə olmadı"

19:14 - 13 Sentyabr 2026

"Turan Tovuz" Misli Premyer Liqasının 5-ci turunda səfərdə "Araz-Naxçıvan"la 2:2 hesablı heç-heçə edib.

Sportal.az xəbər verir ki, Qərb bölgəsi təmsilçisinin baş məşqçisi Kurban Berdiyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- İki fərqli hissə gördük. Birinci hissə çox ləng oynayırdıq. Əvəzetmələrdən sonra oyunu sürətləndirdik. Hücum xəttində kim yoruldusa, onu əvəzlədim. Amma müdafiədəki oyunçulardan kiminsə zədələnəcəyini güman etməmişdim. Ümumilikdə iki xal itirdik.

- İki xal itirməyinizdə penalti qərarı nə dərəcədə rol oynadı?

- Penalti nəticəyə təsir etdi. Amma biz 10 nəfərlə oynayırdıq. Çünki müdafiəçimiz zədələnmişdi və əvəzetmə edə bilmirdik. Penaltinin olub-olmamasına gəlincə, mən bunu müzakirə etmirəm. Amma əgər qapıçı ona fürsət verdisə, demək ki, var.

- Penalti epizodunun təkrarına baxmısız? Karyerenızda belə penalti görmüsüz?

- Xeyr, belə hal olmayıb. Uzun vaxt keçib. Baş hakim epizodun təkrarına baxmaq üçün VAR-a gedəndə, ehtimal edirdim ki, qərarını dəyişəcək. Çünki orada ayaqla toxunuş yox idi, bəlkə başa nəsə olmuşdu.

- Keçmiş köməkçinizin komandasına qarşı hazırlaşmaq çətin deyildi?

- Biz rəqibin oynadığı iki sistemi təxmini bilirdik. Hər iki sistemə uyğun məşq edib, hazırlaşırdıq. Gözlənilməz heç nə olmadı.

Mirbağırağa

Xəbər xətti