"Qəbələ"nin yarımmüdafiəçisi Şahin Şahniyarov Sportal.az saytına müsahibə verib. 21 yaşlı futbolçu Misli Premyer Liqasının VI turunun "Neftçi" ilə matçını (0:3) dəyərləndirib:
- Səncə, nəticə oyuna görə oldu?
- Xeyr, nəticə oyuna görə olmadı. "Neftçi"yə qarşı inamlı oyun nümayiş etdirdik. Birinci hissədə çoxlu qol epizodlarımız var idi. Onları dəyərləndirə bilməyəndə "Neftçi" kimi keyfiyyəti komanda səni cəzalandırır və belə hesab qeydə alınır.
- Hücumçunun arxasında "10 nömrə" mövqeyində oynadın. Bu mövqedə oynamaq sənin üçün nə dərəcədə rahatdır?
- Artıq 3 ilə yaxındır "6-8 nömrə mövqeyində oynayırdım. İndi daha hücuma meyilli oynayıram. Əslində belə oynamağı sevirəm. Məncə oynadıqca daha yaxşı olacaq.
- Əvvəl fərqli sistemdə oynayırdız. Sistem dəyişikliyi oyununuza necə təsir edir?
- Əvvəl 5 müdafiəçi ilə oynayırdıq. Bu sistemə uyğunlaşmışdıq. Yeni sistemə 2 gün hazırlaşdıq. Məncə, ilk oyuna görə pis alınmadı. Bir futbolçu olaraq bütün sistemlərdə oynamalıyam.
- Yeni baş məşqçi kollektivə təqdim olunub. Onun komandadan istəyi nədir?
- Tanışlıq məqsədi daşıyan görüş idi. Taktiki baxımdan heç bir söhbət olmayıb.
- Yeni baş məşqçi gəlib. "Qəbələ" azarkeşləri nəyə ümid etsinlər?
- Problem təkcə baş məşqçi deyil. Bütün məsuliyyət baş məşqçinin üzərində olur. Biz yaxşı olsaydıq, Kaxaber Tsxadadze getməzdi. Yeni baş məşqçi gələndə futbolçular da motivasiyalı olur, hamı onun etimadını qazanmağa çalışır. Üst pillələrə qalxmağa çalışacağıq. Bizim hər oyunda hədəfimiz qələbədir.
- Böyükhesablı məğlubiyyətdən sonra Yeni baş məşqçisinin komandaya inamı azala bilər?
- Xeyr. Özünün dediyinə görə bizim oyunlara baxıb bura gəlib. Yəqin ki, komandada potensial görüb. O qədər ağılsız adam deyil ki, altından çıxa bilməyəcəyi işə gəlsin.
- Dedin ki, problem biz futbolçulardadır. Sizdə konkret olaraq problem nədir?
- Nəticə yoxdursa, yaxşı və ya pis oynamağından asılı olmayaraq problem var. Ötən mövsüm ictimaiyyət bizim yaxşı oynadığımızı deyirdi. "Kəpəz"lə əvvəlki turdakı matçı istisna edərdim. İnanmıram ki, bundan sonra bir də elə oyunumuz olsun. Azərbaycan futbolunda azarkeş baxımından kasadlıq var. Birdən-birə elə atmosferə düşəndə istər-istəməz həyəcan olur. Komandamızda belə atmosferdə oynayan 1-2 futbolçu var.
- Milli fasilə sizin xeyrinizə olacaq?
- Əlbəttə. Yeni baş məşqçi gəlib. Onun öz oyun fəlsəfəsini aşılamaq üçün vaxtı olacaq.
- Millinin heyətində sənin adın yoxdur. Dəvət gözləyirdin?
- Əlbəttə ki, adam adını gözləyir. Amma hazırlıqlı vəziyyətdə idim. Milliyə çağırılacağıma ümidlənmirdim. Heyəti görəndə məndə heç bir emosiya olmadı. Çünki özümü buna hazırlamışdım.
Elçin Əlixan
saytlarin hazirlanmasi
