"Neftçi" yaxşı gedir, amma qarşıdakı 3 tur... - Vernidubun komandasını "Sabah", "Qarabağ", "Turan Tovuz"la oyunlar gözləyir

15:33 - 19 Sentyabr 2026

6 oyuna 15 xal "Neftçi" üçün əla başlanğıcdır. Azarkeşlər çoxdandır belə mənzərə gözləntisindəydilər. 

Yuri Vernidubun komandası ötən gün Qəbələ səfərində 3 qolluq qələbə qazandı. Bu oyunda da fərqlənən Breno Almeyda 7-ci qolunu vurdu. Yavaşımasa mövsümü 20-dən çox qolla bitirə bilər. 

Qələbələr xoş gəlir, azarkeşlər məmnundur, amma oynadıqları futbol qeyri-sabitdir. Bir qalib kimi Vernidubu mühakimə etmək fikrinə düşəsi deyil heç kim. Amma "Neftçi"ni qarşıda daha çətin oyunlar, daha ciddi rəqiblər gözləyir. Gələn tur "Sabah", ardınca "Qarabağ" və "Turan Tovuz". Hazırki gedişat onu göstərir ki, Premyer Liqada bu mövsüm 5 iddialı komanda var. "Sabah", "Qarabağ", "Neftçi", "Zirə" və "Turan Tovuz". Digərləri çətin bu beşliyə baş qoşa bilsin. 

"Neftçi" bu ana qədər güclülərdən yalnız "Zirə" ilə üz-üzə gəlib, həmin oyunda da uduzub. Lakin qələbə qazandığı oyunlarda da bəzən qeyri-sabitlik göstərib. Məsələn "İmişli"yə iki top geridən gəlib bərabərlik imkanı vermişdilər. Fərid Nəbiyev 100 faizlik imkanı qola çevirsəydi, "İmişli" ilə matçda xal itkisinə yol verəcəkdilər. 

"Qəbələ" ilə oyundakı irihesablı qələbə də rahatlıq vermir. "Neftçi" oyunboyu rəqib qapısında təhlükə yaratmaqda çətinlik çəkirdi. Əllərinə keçən imkanların hamısından yararlandılar. Məğlubiyyətə rəğmən "Qəbələ" pis görünmürdü.

Vernidub üçün həqiqət anı yetişib. Bu 3 oyun "Neftçi"nin real gücünü göstərəcək. 

Həmid

Xəbər xətti