UEFA və KONKAKAF-dan FIFA-ya 211 federasiyanın hər birinə əlavə 10 milyon dollar tələbi

23:04 - 18 Sentyabr 2026

Avropa və Şimali Amerika futbolunun rəhbərləri FIFA-nın tərkibinə daxil olan 211 milli futbol federasiyasının hər birinə əlavə 10 milyon dollar ayrılmasını və bununla təşkilatın maliyyə resurslarının yenidən bölüşdürülməsini tələb ediblər.

Sportal.az "Sky News"a istinadən xəbər verir ki, bu gün Canni İnfantinonun adına məktub göndərilib. Məktubda FIFA-nın ehtiyatlarının 6 milyard dollara çatmalı olduğu qeyd edilir. Təşkilat prezidentinin futbolun inkişafı üçün özəl kapitalın cəlb edilməsinin zəruri olduğu barədə açıqlamalarına baxmayaraq, FIFA-nın maliyyə dayanıqlılığı vurğulanır.

UEFA və KONKAKAF 20 milyard dollarlıq sövdələşmə çərçivəsində dünya çempionatının hüquqlarının 20 faizini özəl investorlara satmaq cəhdinə görə İnfantinonun FIFA rəhbəri postundan getməsini tələb etməkdə davam edirlər.

UEFA prezidenti Aleksander Çeferin və KONKAKAF prezidenti Viktor Montalani İnfantinoya ünvanladıqları məktubda bildiriblər ki, FIFA artıq bütün dünyada infrastrukturun və futbolun inkişafına 2,1 milyard dollar ayırmaq üçün kifayət qədər vəsaitə malikdir.

Daha əvvəl FIFA 2027-2030-cu illər ərzində hər bir futbol federasiyasına infrastrukturun, məşqçilərin hazırlığının, milli komandaların, yarışların, kütləvi və qadın futbolunun maliyyələşdirilməsi üçün 8 milyon dollar ayırmağı planlaşdırırdı.

FIFA-nın vitse-prezidentləri olan Çeferin və Montalani məktubda bildirirlər ki, əlavə vəsait federasiyalar arasında bölüşdürüldükdən sonra belə təşkilatın maliyyə ehtiyatları ən azı 1,5 milyard dollar təşkil edəcək.

Onlar FIFA-nın maliyyə vəziyyətinin tam təhlilinin aparılmasını tələb edirlər. Məqsəd futbol ölkələrində layihələrin maliyyələşdirilməsi ilə bağlı artıq mövcud öhdəliklərdən əlavə, federasiyalara nə qədər vəsait ayrıla biləcəyini müəyyənləşdirməkdir. Bu planların müzakirəsi gələn ay İnfantinonun sədrliyi ilə keçiriləcək FIFA Şurasının iclasında baş tutmalıdır.

Xəbər xətti