Kamran Quliyev: "Avropa Liqasının 5 qat qalibinə qarşı oynamaq motivasiya olacaq" MÜSAHİBƏ

16:50 - 9 İyul 2018

"Neftçi"nin prezidenti Kamran Quliyevin Sportal.az-a müsahibəsini təqdim edirik:

 

- “Neftçi” “Uypeşt”lə oyunlara hazırdır?

- Məncə, hazırdır. Baş məşqçimiz də bunu qeyd edib. İstənilən halda, çatışmazlıqlar var. Buna baxmayaraq, komandamız yaxşı təlim-məşq toplanışı keçib. Yoxlama oyunları keçirmişik və komandada irəliləyiş var. İnanırıq ki, toplanış bizim xeyrimizə olacaq.

 

- “Neftçi” istədiyi transferləri reallaşdırdı?

- Demək olar ki, “Neftçi” transfer fəaliyyətini yekunlaşdırıb. Ola bilər ki, bu oyunlardan sonra ciddi ehtiyac duyulsa, kimisə ala bilək. Premyer Liqa üçün heyətimiz hazırdır.

 

- “Neftçi” “Uypeşt” səddini keçsə, II mərhələdə bu turniri hamıdan çox qazanan İspaniyanın “Sevilya” klubu ilə qarşılaşacaq. Bu komandada ruh düşkünlüyü yaratmır?

- Xeyr, əksinə hər bir futbolçu bu mərhələni keçib İspaniyada möhtəşəm meydana ayaq basmaq istəyər. Son 16 il ərzində Avropa Liqasının 5 qat qalibinə qarşı oynamaq motivasiya olacaq. Böyük təcrübə qazana bilərik.

 

- Klub rəhbərliyi azarkeşlərlə əlaqəni sıxlaşdırmaq üçün nələr edəcək?

- Böyük klub azarkeşsiz yaşaya bilməz. Azarkeşsiz klub sadəcə, addır. Fanatlar klubun parçasıdır, ayrı hissəsi deyil. Çalışacağıq ki, layihələrimiz olsun, bu, bizim üçün vacib amildir. Stadionda azarkeşlərin çox olması, futbolçuya stimuldur. Azarkeşsiz oynamaq futbolçuya yaxşı təsir etmir. Onlara səslənirəm ki, öz komandalarını dəstəkləsinlər.

 

- “Neftçi” - “Uypeşt” cütündə hansı komandanı favorit görürsüz?

- “Neftçi”ni. Belə olmalıdır.

 

- Sentyabr ayında “Neftçi” TV-nin fəaliyyətə başlaması gözlənilir. Bu işdə fəaliyyət hansı yöndə gedir?

- Bu barədə ətraflı danışmaq istəməzdim. Özünüz də bilirsiz ki, mən futbola hansı sahədən gəlmişəm. Maraqlı layihədir, üzərində işləyirik. Həyata keçirmək üçün israrlıyıq. Brendimizin inkişafı üçün bu, vacibdir və mühüm rol oynayacaq. Adımızalayiq iş ortaya qoymaq istəyirik. “Neftçi”nin tarixini və keçmiş oyunlarını əks etdirən layihə olacaq.

 

- “Neftçi”nin bazasında olan təmir işlərini “Türk Hava Yolları” üzərinə götürüb, yoxsa “Neftçi”?

- Tikintidə “Türk Hava Yolları”nın üzərinə heç nə düşmür. Bu, dövlət neft şirkəti tərəfindən həyata keçirilir. Orda işlər çoxdur. Bu, müqavilə işlərin sürətlənməsinə gətirib çıxara bilər. Yaxın aylarda işlərə start veriləcək.

 

- Mayk Kampazla Fransisko Qarsiya ilə müqaviləyə xitam verildi. Lukas Qomesin “Neftçi”də taleyi necə olacaq?

- Baş məşqçi öz fikirlərini dedi. Biz də klub olaraq, həmin işin gerçəkləşməsi üçün əlimizdən gələni edirik. Bütün qərarlar, addımlar qanun çərçivəsində olmalıdır. Heç kimin haqqına girməmək şərti ilə bu işlər görüləcək. Hazırda danışıqlar gedir. Qanun çərçivəsində iş görüləcək.

 

- “Neftçi”nin çempionatda hədəfi çempionluqdur?

- Bəli, ən yüksək hədəf. Biz istəyirik ki, “Neftçi” çempion olsun. Çempionatda klublarımız güclüdür. Son illərdə hamı bilir ki, “Neftçi” Avropa Liqasına vəsiqə uğrunda mübarizə aparırdı. Amma biz bu mövsüm yüksək yerlər üçün çalışacağıq. Buna inanıram və istəyirəm ki, belə olsun.

Xəbər xətti