Qətər millisinin bir neçə gün əvvəl Asiya Kubokunun qalibi olmasından xəbərdarsız. Bu çempionluq təsadüfi baş vermədi, heç nədən yaranmadı. Qətər uzun illərdi görülən sistemli işin nəticəsini gördü.
2004-cü ildə “Aspire” akademiyası yaradıldı və indi çempion komandanın əksər üzvləri orda futbolu öyrənənlərdi. Hazırda komandanın baş məşqçisi olan Feliks Sançes 31 yaşında ikən ora dəvət olunub. Daha əvvəl “Barselona”nın akademiyası “La Masiya”da çalışan mütəxəssisin “Aspire”dəki ilk işi U-11 komandasına rəhbərlik etmək olub. Sançes sonralar Qətərin U-19, U-20 və U-23 millilərini də çalışdırıb.
2014-cü ildə Feliksin rəhbərlik etdiyi U-19 yığması 19 yaşadək futbolçuların Asiya çempionatında hamıdan güclü olub. Həmin komandanın 7 üzvü Asiya Kubokunun qalibi olan heyətdə yer alır. “Aspire” akademiyasından yolu keçən və Qətər yığmasının heyətində çempionluq yaşayan futbolçu sayı isə nə az, nə çox, düz 11-di.
Bu, bir ölkənin 15 ili əhatə edən qısa futbol hekayəsidi. Hansı ki, bir vaxtlar orda da Azərbaycanda olduğu kimi milliləşdirmə yolu gedilib. Latın amerikalılar başda olmaqla digər ölkələrdən çoxlu futbolçu cəlb edilib, ancaq heç bir nəticə verməyincə strategiya dəyişikliyi edilib.
Xatırlayırsızsa, Azərbaycanda 2005-2015-ci illəri əhatə edən futbolun inkişafına dair dövlət proqramı qəbul edilmişdi. Elə təxminən Qətərdə görülən işlərlə eyni dövrlərə düşür. Onlar düzgün sistem görüb, çempion oldular, bəs Azərbaycanda nə baş verdi?
Əvvəldən qeyd edək ki, sözügedən proqramda ölkə futbolunun bütün əsas problemləri əks olunmuşdu və hansı sahələrdə inkişafa nail olmağın vacibliyi dəqiq göstərilmişdi.
Ancaq lazım olan işlər görülməkdənsə elə ilk dövrlərdən mənasız milliləşdirmələrə gedildi. Afrikalılar, braziliyalılar, ruslar, dağıstanlılar, türklər yığmalara cəlb edildi. İndinin özündə də bu proses davam edir və coğrafiya daha da genişləndirilib. İrandan, Almaniyadan, İngiltərədən, Hollandiyadan Azərbaycanla heç bir əlaqəsi olmayan futbolçular yığmalara cəlb edilir.
Proqramın bir hissəsi kimi xaricdən mütəxəssislər dəvət edildi. Əsas milli komandaya xilasedici kimi baxılan Berti Foqts təyin olundu. Uzun illər millidə böyük maliyyə əldə edən almaniyalı ölkə futboluna heç bir fayda vermədi. Həmin zaman gələnlərdən Bernard Lippert 10 ildən çoxdu AFFA-da fəaliyyət göstərir. Hansı xidmətlərinə, nə cür fayda verdiyinə görə olduğu bilinməsə də, aylıq 30 min avro məvacib alır.
2005-ci ildə 18 komanda ilə keçirilən Azərbaycan çempionatında Dövlət proqramının bitdiyi ildə cəmi 10 komanda var idi və onlardan da 1-i mövsümü sona qədər davam etdirməmişdi. İndi isə Bakı çempionatına çevrilən liqada cəmi 8 komanda mübarizə aparır və bu, bütün Avropanın ən pis göstəricilərindəndi. Bölgələr futboldan kənar saxlandı, iş adamlarına maneələr yaradıldı, həvəsli şəxslər futboldan küsdürüldü və nəticədə bir neçə nəfərin maraqlarına xidmət edən mini-çempionat yaradıldı.
Dövlət proqramının icrası düvründə bir normal futbol akademiyası yaradılmadı. Əvəzində “Mançester Yunayted Futbol Məktəbi”nə pul xərcləndi, “Berlin Futbol Akademiyası” kimi biabırçı layihəyə milyonlar məsrəf edildi və s.
Bunlar AFFA-nın uğursuz fəaliyyətinin yalnız az bir hissəsidi. Ancaq elə bu qədəri də fəaliyyətin necə bərbad qurulduğunu görməyə əsas verir.
Bir tərəfdə 15 il ərzində tarixində ilk dəfə Asiya çempionu olmağa nail olan Qətər millisi, digər tərəfdə futboluna milyonlarla vəsait xərclənən Azərbaycanın 2-3 ildi formalaşan Kosovaya darmadağın olan yığma komandası. Ən pisi də odu ki, bunda başqaları – baş məşqçi, futbolçu, azarkeş və s. günahkarmış kimi davranılır (Futbolpress.az).
saytlarin hazirlanmasi