"Araz Naxçıvan"ın yarımmüdafiəçisi Vadim Abdullayevin Sportal.az saytına müsahibəsi:
- 20 turdan sonra lidersiz. Çempionatın səviyyəsi necədir?
- Çempionat maraqlıdır. İlk pillələrdə olan komandaların xalları bir-birinə yaxındır. Gərgin mübarizə gedir. Belə olanda futbolçular da inkişaf edir, səviyyə artır.
- Çempionluq şansını necə dəyərləndirirsən?
- Hazırda ikinci pillə ilə aramızda 10 xal fərq var. Bizim əsas məqsədimiz mövsümü ilk pillədə başa vurmaqdır. Yüz faiz çempionluğa oynayırıq. Hər matça maksimum köklənirik. Cünki, aşağı pillələrdə olan komandalar liderə qarşı fərqli mübarizə aparırlar. Bizi məğlub etmək üçün meydanda canlarını qoyurlar. Hər oyunda daha da yaxşı olmağa məcburuq. Hər rəqibə qarşı səylə hazırlaşırıq.
- Naxçıvana uyğunlaşmaq, burada futbol oynamaq necədir?
- Bura mənim üçün çox rahatdır. Çünki, sakitliyi xoşlayan adamam. Naxçıvan təbiətimə uyğundur. Şəhər yaxşıdır, futbol oynamaq üçün şərait var. Vaxt da yaxşı keçir.
- Bir müddət əvvəl futboldan uzaqlaşmışdın. Yenidən karyeranı bərpa etməyin necə baş tutdu?
- Düzdür, futboldan uzaqlaşmışdım. Açığı, inciyib getmişdim. "Araz Naxçıvan"a təşəkkür edirəm ki, məni komandada görmək, bu layihənin bir parçası olmağımı istədilər. Ailəmlə məsləhət etdikdən sonra futbola qayıtmaq qərarı verdim. Futboldan uzaqlaşıb Rusiyaya getmişdim, oradan gəldim və "Araz Naxçıvan"la müqavilə imzaladım.
- İnciməyinin səbəbi nə idi?
- Futbolda olan proseslər, başıma gələn hadisələr. Dedim ki, madam, məni görmək istəmirlər, özümü yormayım. "Araz Naxçıvan"ın təklifindən sonra qayıtmaq qərarı verdim. İndi hər şey yaxşıdır. Yenidən Premyer Liqaya yüksəlib bəzilərini susdurmaq lazımdır.
- Bir zamanlar ölkənin ən istedadlı futbolçularından hesab olunurdun, Premyer Liqada oynamısan. Karyerandakı enişin səbəbi nədir?
- Özümün çox səhvlərim olub. Bu gün də nə Premyer Liqada, nə də I Divizionda öz mövqeyimdə məndən güclü futbolçu yoxdur. Söz-söhbətlərə görə bezmişdim. Bu gün futbola baxa bilmirəm.
- Premyer Liqanı izləmirsən?
- Çalışıram ki, izləməyim. Hərdən vaxtımı öldürmək üçün baxıram. Çünki, baxanda pis oluram.
- "Araz Naxçıvan"la Premyer Liqaya qayıdıb yenidən özünü sübut etmək istəyirsən?
- Mütləq. Məqsədim odur. Çox adamlara meydançada deyilməli çox sözlərim var. Bunun üçün çalışırıq. Hədəfimizə çatmaq üçün sona qədər gedəcəyik.
Elçin Əlixan, Naxçıvan
saytlarin hazirlanmasi