"Son matçdakı atmosferdən sonra İmişlidə hər kəs övladını futbola yazdırmaq istəyir"

15:35 - 15 Aprel 2023

"Qarabağ-2" ilə oyunda futbolçularımın bəzilərindən razı, bəzilərindən isə narazı qaldım. Buraxdığımız qola gəldikdə, ani diqqətsizliyin qurbanı olduq. Futbol hakimin son final fitinə qədər oynanılan oyundur. Əlavə dəqiqələrdə buraxdığımız qol planlarımızı pozdu. İstəyərdik ki, uzun illərdən sonra evdə azarkeşlərimiz qarşısında keçirdiyimiz oyunda qalib gələk. Ancaq alınmadı. Amma şükürlər olsun ki, uzun illərdən sonra böyük futbol İmişliyə qayıtdı. Buna görə AFFA və PFL başda olmaqla əməyi keçən hər kəsə təşəkkür edirəm. Rayonumuz icra hakimiyyəti rəhbərliyi və millət vəkilimiz də bu işdə bizə kömək oldu".

Bu sözləri Sportal.az saytına açıqlamasında "İmişli"nin baş məşqçisi Ruhid Usubov deyib.

O, birinci divizionunun 24-cü turunda "İmişli" - "Qarabağ-2" matçını çoxsaylı futbolsevərlərin izləməsini şərh edib:

"Bu qədər azarkeşin gələcəyini gözləyirdik. Çünki neçə ildir rayonda futbol yox idi, hamı futbola "ac"dır. Evdə oynamaq futbolçulara təsir etdi. Öz azarkeşlərimizin qarşısında ilk oyuna çıxırdılar. Hamı məsuliyyətli, səhvsiz oynamaq istəyirdi. Belə olanda, futbolçu daha çox həyəcanlı olur. İstəyir ki, ən yaxşısını etsin, onda da sərbsətlik olmur. Bu da normaldır. Bundan sonrakı oyunlarda da özümüzə inanırıq, tamaşaçılar bizə güvənir, dəstək olurlar. Elə özümüzə də zənglər gəlir ki, ruhdan düşmək lazım deyil, sizə inanırıq deyirlər. Əsas odur ki, böyük futbol İmişliyə qayıdıb. Yeni mövsüm təcrübəli, komandaya kömək olacaq oyunçular dəvət etmək istəyirik. Təcrübəsiz oyunçularımız çoxdur, bunun da əziyyətini çəkirik. Onlar da formaya düşəcək və gələcəkdə bizə kömək olacaq".

Usubov gələcəkdə "İmişli"nin Premyer Liqaya yüksəlmək ehtimallarından danışıb: "Bizə AFFA-dan başqa kömək edən yoxdur. Federasiyanın verdiyi qərardan asılıdır. Qərarlarına hörmətlə yanaşırıq. Son illərdə futbolun inkişafına dair addımlar atırlar. Gələcəyə ümidlə baxırıq. Özünüz də gördüz ki, İmişlidə futbola necə sevgi var. Son matçdakı atmosferdən sonra İmişlidə hər kəs övladını futbola yazdırmaq istəyir. Futbol nəinki İmişlidə, bölgələrdə də canlanıb. Beyləqan, Füzuli, Saatlı, Biləsuvardan da insanlar gəlmişdi. Hamı istəyir ki, bölgədə futbol olsun. Şəhər rəhbərliyi, millət vəkilimiz, komandamızın rəhbərliyi gözəl addımlar atırlar. Əlimizdən gələni edəcəyik ki, futbol həmişə İmişlidə yaşasın, inkişaf etsin".

Mirbağırağa

Xəbər xətti