"Qurbanov əlindən gələni edir ki, "Zaqatala" dağılmasın, bu qədər futbolçu işsiz qalmasın" - MÜSAHİBƏ

19:18 - 29 Aprel 2023

"Zaqatala"nın baş məşqçisi Rüstəm Məmmədov Sportal.az saytına müsahibə verib.

- Mövsümün sonuna az qalıb. Nəticə və oyun cəhətdən hər şey "Zaqatala" üçün yaxşı alınır? Yoxsa, daha yaxşısını ehtimal edirdiniz?

- Mövsüm bizim üçün qeyri-stabil keçir. Tam istədiyimiz kimi getmədi. Bunun da müəyyən səbəbləri var. Bizim komandada hər mövsüm 60-70 faiz dəyişiklik olur. Nəticələr bizi tam qane etmir. Çünki komandanın gücünü bilirik. Amma nəticələr gücümüzə uyğun deyil. Əslində, bizim gözlədiyimiz bundan daha yaxşı nəticə əldə etməyimiz idi. Təəssüf ki, elə olmadı. Oyunçu qıtlığı yaşandı, zədələr, cəzalar da bizi çox çətinliyə salır. Heyətimiz geniş deyil. Çətinlik çəkirik. Bu da nəticəyə təsirini göstərir. 

- Bir müddətdir ki, "Zaqatala"nın Premyer Liqaya buraxılacağı deyilir. Rəhbərlik bu barədə sizinlə söhbət edib? 

- Bəli, Premyer Liqaya yüksələcəyi barədə söz-söhbətlər var, eşidirik, oxuyuruq. Amma rəsmi olaraq bu barədə heç nə yoxdur. Bununla bağlı rəhbərliklə də söhbətimiz olmayıb. Çünki hazırkı işimiz diviziondakı dörd oyunu yekunlaşdırmaqdır. Çalışırıq ki, bu oyunlarda maksimum nəticə əldə edək. Ondan sonra necə olacağına baxacağıq. Çünki hər il hansısa söz-söhbətlər olur. Bu, bizi fikrimizdən yayındırmalı deyil. Əsas məsələ, öz üzərimizə düşən işi sonuna qədər layiqincə yerinə yetirməyimizdir. Qismətimiz necə olacaq, zaman göstərəcək. Bu dəqiqə isə qarşıdakı dörd oyuna köklənmişik.

- Ümumiyyətlə, komandanı və özünüzü baş məşqçi kimi Premyer Liqaya hazır hesab edirsiz?

- Əlbəttə ki, hazırıq. Çünki olduğumuz şəraitə görə belə nəticələr əldə edə biliriksə, Premyer Liqada şəraitimiz daha yaxşı olarsa, nəticələr qazana bilərik. Gücümüz, yaxşı futbolçularımız da var.  Heç kimdən geridə qalan oyunçular da deyil. Onların yanına bir neçə təcrübəli futbolçu, ya da yaxşı legionerlər də cəlb edə bilsək, pis komanda olmarıq.

- Şərait və maliyyə olaraq necə, komandanın vəziyyəti nə yerdədir?

- Zaqatalada da şərait var. Sadəcə azca əl gəzdirmək lazımdır. Maliyyə baxımından isə çətinliyimiz var. Mütləq şəkildə maliyyə düzəlməlidir ki, istər legioner, istər təcrübəli oyunçu gətirə bilək. Yaxud da, digər məsələlərdə köməklik olardı. Hazırda maliyyə baxımından böyük problemlər var.

- AFFA "Zaqatala"nı yüksək liqaya buraxsa, tez bir zamanda yığılıb buna hazır ola bilərsiz?

Ən azından sezon bitdikdən sonra deyilsə, məsələ çox uzanmasa...Hazırda bizim komandada Premyer Liqada oynayacaq futbolçular var. Komandaya 9-10 təcrübəli və ya legioner cəlb etsək, heç də pis komanda olmarıq. Çalışsaq, yaxşı alınar.

- Ölkə çempionatını kənardan izləyirsiz. Premyer Liqanın “Zaqatala”ya ehtiyacı var?

- Bu sualla bağlı nə deyim, bilmirəm. Baxır, nə mənada soruşursuz..."Zaqatala"nın azarkeşlərinə böyük ehtiyac var ki, komandamız Premyer Liqada iştirak etsin. Həmçinin, gənc futbolçuların inkişafı üçün yüksək liqada iştirak etməyimizə ehtiyac var. Biz məşqçilər üçün də Premyer Liqada işləmək önəmlidir. Neçə illərdir ki, divizionda çalışırıq. Hamı inkişaf etmək, artırmaq istəyir, hamı bacarığını, özünü güclülər dəstəsində yoxlamaq niyyətindədir. Bu baxımdan, bizim daha çox Premyer Liqada iştiraka ehtiyacımız var. Ancaq Premyer Liqanın "Zaqatala"ya nə dərəcədə ehtiyacı var, onu deyə bilmərəm.

- Qurban Qurbanovun Zaqatalada futbolun yaşaması üçün hər zaman dəstək verdiyini bilirik. O, indi də komandaya hər hansı dəstək verir?

- Qurban Qurbanovun qardaşı Musa Qurbanov klubumuzun rəhbəridir. O, neçə illərdir ki, əlindən gələni əsirgəməyib, hər zaman dəstək verib. Xırdalıqlara getmək istəmirəm. Amma onun etdiklərini bilənlər bilir. Əlbəttə ki, biz bildiyimizə, eşitdiyimizə görə Qurban Qurbanov özü də klubla maraqlanır. Hansısa dəstək lazım olsa, qardaşı vasitəsilə edir. Reklam xarakterli olmasa da, hamımız bunu bilirik. Qurban Qurbanov qardaşı ilə ünsiyyətdə komandamız haqda maraqlanır. Yəqin ki, dəstəyi qardaşı vasitəsilə olur. Neçə illərdir ki, Musa Qurbanov çalışır ki, "Zaqatala" çempionatda layiqincə iştirak etsin, Zaqatala futbolu yaşasın. Ən azından əlindən gələni edir ki, "Zaqatala" dağılmasın və bu qədər futbolçu çöldə, işsiz qalmasın. Qalan məsələləri özündən soruşsanız, yaxşı deyər. Bizə gələn məlumata görə, xeyli çalışırlar. Maliyyə çətinliyimizi neçə illərdir ki, Musa Qurbanovun özü və yaxınlarının hesabına qarşılayır, əlavə vəsait ayırır. Belə olmasa, burada əsas komandanı və uşaq futbolunu saxlamaq mümkün olmazdı.

Mirbağırağa

Xəbər xətti