"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov jurnalistlərə müsahibə verib. Sportal.az saytının əməkdaşının da suallarını cavablandıran Sadıqov komandasının yeni mövsümlə bağlı planlarından da danışıb.
- Əksər futbolçularla yollarınızı ayırdınız. Narazı qaldığınız üçün belə qərar verdiniz?
- Futbolda çox nadir hallarda olur ki, hansısa məşqçi və ya futbolçu bir komandada uzun illər çıxış edir. Yerdəyişmələr bəzən xeyirli, faydalı olur. İstər məşqçi, istərsə də futbolçu sarıdan belədir. Biz çoxsaylı futbolçularla yollarımızı ayırırıqsa, bu, o demək deyil ki, onların çıxışından narazıyıq.Ya da hansısa problemin onlarla bağlı olduğunu düşünürük. Elə futbolçu var ki, daha çox oynamaq istəyir, eləsi var ki, heç oynamayıb və düşünür ki, başqa komandada daha çox oynayar. Bütün futbolçularla qarşılıqlı razılıq əsasında, bir-birimizlə halallaşaraq yollarımızı ayırmışıq. Bu mövsüm "Zirə"də müəyyən dəyişiklik etmək istəyirəm. Görək də, nə dərəcədə alınacaq. Seleksiya çox ağır məsələdir. Çoxsaylı dəyişikliyə getmişik. Bilirik ki, işimiz çox çətindir. Amma çalışacağıq ki, öhdəsindən gələk.
- Əsas məsələ Hamidu Keytanın gedişi idi. "Qarabağ" istədiyinə görə razılaşdınız?
- Mənim razılığımla olan məsələ deyildi. Hamidu Keytanın gedişinə razı olmazdım. Onun müqaviləsi bitmişdi, çoxsaylı təklifləri var idi. İstər bizim çempionatdan, istərsə də, başqa ölkə klublarından. Belə olan halda, rəqabətdə məcbur idik geri çəkilək, uğurlar arzulayaraq. Onun da seçimi "Qarabağ" oldu. Düşünürəm ki, orada karyerasını daha da inkişaf etdirəcək, daha yaxşı çıxış edəcək.
- Neçə transfer etmək istəyərdiniz?
- Gedənlərin sayı qədər olmasa da, ən azından 7-8 transfer etməyi planlaşdırırıq. Müəyyən razılıq əldə etdiyimiz futbolçular var. Rəsmi şəkildə də, onları açıqlayacağıq. Bu yöndə ciddi rejimdə iş gedir. Asan olmayacaq, əlimizdən gələni edəcəyik ki, yaxşı komanda formalaşdıraq.
- Komanda hansı yerlər uğrunda mübarizə aparacaq?
- Ən azından avrokuboklar uğrunda mübarizə aparacaq komanda formalaşdıracağıq. Rəhbərlik və mən ambissiyalı insanlarıq. Yeni mövsüm uğurlu nəticə qazanmaq istəyirik, üçüncülük, ikincilik, titul, kubok qazanmaq niyyətindəyik. Çempionluq uğrunda mübarizə aparmağa gəldikdə, "Qarabağ"ın özündən çox şey asılıdır. Onlar əgər optimal formadadırsa, çempionluq uğrunda rəqabət aparmaq çətindir. Təbii ki, çempionluq uğrunda rəqabəti "Sabah" və "Neftçi" komandaları aparacaqlar. Biz, "Qəbələ", "Turan Tovuz", "Səbail" daha çox üçlük, titul qazanmaq uğrunda mübarizə aparacağıq.
- Qarşıdakı müddət kifayət edəcək istədiyiniz heyəti formalaşdırmağa?
- Riskli qərar idi, risk etmişəm və hansı yükün altına girdiyimi mən də bilirəm. Sadəcə olaraq, buna ehtiyac olduğunu görürdüm. Müəyyən dəyişikliklərə gedilməliydi və bunu etməliydim.
- "Zirə"də üçüncü iliniz tamam oldu, həm avrokubok gördünüz, həm də kənar qaldınız. Necə fikirləşirsiz, geridə qalan üç ildə transfer siyasətində hər hansı səhv oldu?
- Təbii ki. Çempion olsaydıq da, transfer siyasətində yanlışlıq olacaq. Sadəcə nəticə olanda, həmin yalnışlıqlar ört-basır olur, gözə görünmür. Nəticə olmadıqda, qabarıq şəkildə görünür. Geridə qalan mövsümdə bir çox futbolçuları son anda transfer etmişik. Transferdən anlayan insanlar bilir ki, son anda məcburiyyət zamanı hansı oyunçular cəlb edilir. Yay transfer dönəmində uğursuz olduq. Qışda daha çox istədiyim oyunçular komandaya qoşuldu, nəinki yayda. "Makkabi" ilə oyunlarda bir dəyişikliklə meydana çıxmışdıq. O da Rəhim Sadıqov idi. Güclənə bilmədik. Əsas problemimiz ilin əvvəlindəki seleksiya ilə bağlı yaranan problem idi.
- Bir komanda Premyer Liqanı tərk etdi, digəri gəldi. Müsbət addım idi, yoxsa 12 komanda olsaydı, daha rəngarəng alınardı?
- 12 komandaya hələ hazır deyilik. Yüksək liqaya çıxan komandaları ilk növbədə birinci divizionda hazırlamaq, formalaşdırmaq lazımdır, daha sonra Premyer Liqaya buraxmaq olar. Ana məqsədimiz nədir, futbolumuzu, yoxsa birinci liqanı inkişaf etdirmək? Əgər bir ildə birinci diviziondan 4 komanda Premyer Liqaya gələcəksə, aşırı şəkildə çox olacaqdı. İnfrastruktur, meydançalar, birbaşa keyfiyyətə təsir edəcəkdi. 10 etmişik, yavaş-yavaş birinci liqada komandaları formalaşdırmaq lazımdır, ondan sonra yüksək liqaya buraxmaq olar.
Mirbağırağa
saytlarin hazirlanmasi