"Suala Rəşad Sadıqov kimi cavab verə bilməyəcəm deyə, cavablandırmaq istəmirəm"

00:27 - 19 İyun 2023

"Azərbaycan - Estoniya matçını canlı izləyirdim. Hamımız millimizdən qələbə gözləyirdik. Biz özümüz bir kənara, məşqçilər heyəti və futbolçular da qələbəyə köklənmişdilər. Amma bu olmadı. Belə oyunda qələbə olmadıqda, bu, artıq uğursuzluqdur. Elə oyunlar var ki, onları evdə udmalısan. Lakin olmadı".

Sportal.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov deyib. Millimizin veteran kapitanı Azərbaycanın AVRO-2024-ün seçmə mərhələsinin üçüncü turunda Estoniya ilə Bakıdakı 1:1-lik bərabərliyini şərh edib.

Onun "hazırkı vəziyyətə əsas hədəf Canni De Byazidir, onunla yolların ayrılmalı olduğunu deyirlər" sualına reaksiyası belə olub: "Bu suala cavab verə bilmərəm".

Sadıqov millinin əsas problemini açıqlamaq istəməyib: "Millimizdə ruh olmadığını demək düzgün deyil. Çünki bəzi oyunlarda həmin ruhu görmüşük. Son dönəmdə formalaşmış yaxşı heyət var. Futbolçular öz klublarında, millinin bir çox oyunlarında yaxşı mübarizə aparıblar. Millidə ruh probleminin olduğunu düşünmürəm. Bir-iki mövqedə problemimiz var. Amma ümumən götürsək, bəlkə də, son illərin ən yaxşı heyətidir. Bir çox matçlarda, xüsusilə səfər görüşlərində 90 dəqiqə olmasa da, müəyyən hissələrdə yüksək səviyyədə oynamışıq. Buna ustalıq, bacarıq lazımdır. O bizdə var. Sadəcə olaraq, bunu stabilləşdirib, futbolçulardan tam potensiallarını almaq lazımdır. Estoniya ilə matçda daha yaxşı oynaya bilərdik. Söhbət nəticədən getmir. Mövsümün sonudur, futbolçular yorğun idi, bəlkə də çox köklənmişdilər oyuna, psixoloji cəhətdən hansısa sıxıntı var idi. Kollektivin içində deyiləm deyə, dəqiq fikir səsləndirə bilməyəcəm. Millinin əsas problemi ilə bağlı öz fikirlərim var. Suala Rəşad Sadıqov kimi cavab verə bilməyəcəm deyə, cavablandırmaq istəmirəm. Gərək  Rəşad Sadıqov kimi danışım, o da düzgün deyil. Millinin xüsusilə bu günündə, uğursuz nəticələr zamanı tənqid etmək...Düzləri danışmağa başlasam, tənqidə çevriləcək. Ona görə də, danışmamağı daha düzgün hesab edirəm".

Gənc mütəxəssis millinin AVRO-2024-ün seçmə mərhələsinin startına qədər qazandığı ardıcıl beş oyunluq qələbə seriyasını da xatırlayıb: "Bilirsiz, qələbədən qələbəyə fərq var. Baxır onu kim üzərində və necə qazanırsan. Millinin elə məğlubiyyətləri oldu ki, onlar mənə daha xoş idi. Çox ümidverici oyunlar olurdu. Futbolçular və komanda böyük potensial ortaya qoyurdu. Sadəcə olaraq, nəticəyə çevirə bilmirdilər. Yoldaşlıq görüşü mənim üçün heç vaxt göstərici, nəticə olmayıb. Yalnız məşqdir. Yaxşı rəqiblərlə 45-70 dəqiqə oynadığımız oyun mənim üçün daha ümidverici idi, nəinki yoldaşlıq görüşlərindəki qələbələr".

Mirbağırağa
 

Xəbər xətti