Yeni mövsümdən birinci liqada mübarizə aparacaq komandalardan biri də "Karvan" olacaq. Yevlax təmsilçisinin baş məşqçisi Kənan Kərimov Sportal.az saytına açıqlamasında komandanın iddialı olacağını bildirib. Gənc mütəxəssis şərait baxımından sıxıntı çəkməyəcəklərini deyib:
"Hədəflərimiz yüksəkdir. Yeni komanda qurulacaq. Rəhbərlik tərəfindən hər bir dəstək var. Çalışacağıq ki, komanda üst sıralarda qərarlaşsın. Bütün məşqlərimizi Yevlaxda keçirəcəyik. Matçlarımızı da doğma stadionda oynayacağıq. İnfrastruktur baxımından hər bir şəraitə sahibik. "Karvan"ın həm köməkçi, həm də əsas meydançası var. Əsas stadionumuzun ot örtüyü tam dəyişdirilib. Mövsüm başlamamışdan əvvəl tam hazır vəziyyətdə olacaq".
Kərimov komandanın əsas məqsədinin Premyer Liqaya yüksəlmək olduğunu bildirib: "Təbii ki, iddialı komanda yaratmaq üçün 300 min manat yetərli deyil. Amma klub rəhbərliyi bizə yaxından dəstək olur. Onlar əlavə dəstək verəcəyini bildirib. "Karvan" hər zaman iddialı olub. Bugünkü gündə də iddiamızdan əl çəkməyəcəyik. Yerli oyunçularımızdan qalanları olacaq. Bununla yanaşı, təcrübəli və legioner futbolçuları da cəlb edəcəyik. Çalışacağıq ki, birinci liqada yüksək yerlər uğrunda mübarizə aparaq. Birinci liqada çempion olaraq, "Karvan"ı yenidən Premyer Liqaya qaytarmaq istəyirik".
Mirbağırağa