"Roma" və "Xəzər Lənkəran"ın sabiq futbolçusu Adrian Pit Sportal.az saytına müsahibə verib. Rumıniyalı Adrian Mutunun “Neftçi”yə baş məşqçi təyin olunmasına şərh verib.
- Adrian Mutu “Rapid”dən ayrılaraq “Neftçi”yə keçdi. Bu barədə nə düşünürsən? Sənin üçün gözlənilməz xəbər oldu?
- Düzünü desəm, Mutunun “Rapid”dən ayrılaraq “Neftçi”yə keçməsi gözlənilməz xəbər oldu. Ona görə ki, o, ötən mövsüm “Rapid”də əla iş ortaya qoymuşdu. Komandanı pley-offa çıxara bilmişdi. Sevinirəm ki, rumıniyalı məşqçilər Azərbaycanda işləməyə davam edəcək. Hər halda, ötən mövsüm Laurentisu Regekampf orada işlədi.
- Mutu “Neftçi”ni uğura daşıya biləcək?
- Bu, bir çox işlərdən asılıdır. Mutunun istədiyi oyunçuların tez bir zamanda komandaya gətirilməsi lazımdır. Digər məsələlər də, həyata keçirilsə, əlbəttə ki, hər şey mümkündür.
- Adrian tanınmış futbolçu olub. Amma baş məşqçi kimi hələ özünü təsdiq etməyib. Bu barədə fikrin necədir? “Neftçi”də uğur qazanmaq üçün ona nə lazımdır?
- Mutu yüksək səviyyəli futbolçu idi. Əminəm ki, məşqçi kimi də çox şeyə nail olacaq. “Neftçi”də uğurlu olması üçün ona ilk növbədə yaxşı futbolçular lazımdır. Həm də, klubun və azarkeşlərin dəstəyinə ehtiyac olacaq.
- Səncə, "Neftçi"yə rumıniyalı futbolçuları gətirəcək?
- Bu, futbolçuların qiymətindən asılıdır. Hər halda, klub və futbolçu arasında maliyyə məsələlərində ortaq məxrəcə gəlməlidirlər. Amma əminəm ki, Mutunun adına görə bir çox futbolçu “Neftçi”yə gəlməyə razılıq verəcək.
- Laurentsiu Regekampf “Neftçi”yə uğur gətirə bilmədi. İndi isə növbə digər rumıniyalı məşqçidədir. “Neftçi”də ardıcıl olaraq legioner məşqçilərinin rumıniyalı olması təsadüfdür?
- Regekampf ölkə kubokunu qazansaydı, əminəm ki, “Neftçi”dən ayrılmayacaqdı. Çünki bu, baş məşqçi riski olardı. Amma belə alındı. Sualınıza gəldikdə, hər halda, “Neftçi”yə gəlməmişdən əvvəlki klublarında rumıniyalı məşqçilər yaxşı işləyib. İşlərinə, futbolla bağlılığına görə onlara təkliflər gəlir.
- “Neftçi” Azərbaycanın iddialı və tarixi klublarından biridir. Bu komanda həmişə üstün və hücum futbolu nümayiş etdirib. Mutu bu futbola üstünlük verəcək?
- Bəlkə əvvəl “Neftçi”də daha yaxşı oyunçular var idi? Məsələn, mən Flavinyonu xatırlayıram. Bir aydan sonra bu barədə nəyisə daha yaxşı deyə bilərəm. Təbii ki, tanıdığım oyunçuları gətirsələr, daha dəqiq nəsə demək mümkündür. Amma əminəm ki, Mutu öz iddialarını ortaya qoyub, klub üçün ən yaxşı səviyyədə çalışacaq. O, çox iddialı insandır. Məşqçi kimi də uğur qazanmaq istəyir və bunu əldə edə bilər.
Mirbağırağa
saytlarin hazirlanmasi