"Sabah"ın yeni transferi: "Ümid edirəm ki, böyük uğurlar qazanacağıq"

21:59 - 13 İyul 2023

"Sabah"ın yeni transferi Sofian Çakla klubun mətbuat xidmətinə videomüsahibə verib.

Sportal.az xəbər verir ki, mərakeşli futbolçu komandaya gəlişindən və "Sabah"dakı məqsədlərindən söhbət açıb: "Burada olmaqdan xoşbəxtəm. Ümid edirəm ki, birlikdə böyük uğurlar qazanacağıq. İlkin təəssüratlarım xoşdur. Ailə kimiyik. Bir-birimizə daim dəstək oluruq. Vahid məqsədimiz var. O da çox yaxşı mövsüm keçirərək, hədəflərimizə çatmaqdır. Yüksələn qrafikdə davam edirik. İlk yoldaşlıq oyunumuzu bir, ikinci yoldaşlıq matçımızı isə komanda ilə iki həftəlik təlim-məşq toplanışından sonra keçirdik. Tədricən irəliləyirik. Bu da bizim əsas hədəfimizdir. Hər gün bir az daha çox artırmalıyıq. Rəsmi oyunlar başladıqca, ən yüksək formada olmalıyıq".

O, "Qəbələ"yə qarşı keçirilmiş (2:2) yoldaşlıq görüşündə qol vurmasından da danışıb: "İşim müdafiə olunmaqdır. Əsas məqsəd qapımızın toxunulmazlığını təmin etməkdir. Hansısa standart vəziyyətdən qol vuraraq komandama kömək edə bilirimsə, bu, mənim üçün çox xoşdur. Allah qoysa, davamı gələcək. Amma əsas olan komandanın uğurudur".

Sonda isə legioner müdafiəçi avrokuboklarda çıxış edəcək komandasının istəklərini şərh edib: "Konfrans Liqası çox maraqlı turnirdir. Burada çox yaxşı hazırlıqlı komandalar çıxış edir. Turnirə yüksək səviyyədə hazırlaşıb, əlimizdən gələni edəcəyik ki, mümkün qədər çox irəliləyək. Azarkeşlərimizə demək istəyərdim ki, daim bizimlə olsunlar, avrokubok oyunlarından bizimlə birlikdə həzz alsınlar".

Mirbağırağa
 

Xəbər xətti