Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ” ikinci yoxlama oyununu keçirib.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "qırmızı-qaralar” Boludakı hazırlıq prosesinin beşinci günündə meydana çıxıb. Təmsilçimiz Rusiyanın “Orenburq” klubu ilə üz-üzə gəlib.
Qarşılaşma “Fənərbaxça” Sərkan Acar Topuk Yaylası bazasında baş tutub. Baş məşqçi Elmar Baxşıyev aşağıdakı start heyətinə şans verib: Kristof Atanqana, İlkin Qırtımov, Murad Musayev, Urfan Abbasov, Lukas Afriko, Gilad Abramov, Əyyub Allaş, Omar Hani, Ahmed Ayzaya, Ülvi İsgəndərov, Osama Xalayla.
Görüş qarşılıqlı hücumlarla keçib. Fasilədə və ikinci hissənin gedişində hər iki komandanın heyətində dəyişikliklər olub. Matçdakı qollar da ikinci hissəyə təsadüf edib. Fasilədən az sonra Ülvi İsgəndərov hesabı açıb. Lakin rəqib oyunun sonunadək bərabərlik qolunu vurmağı bacarıb – 1:1.
Xatırladaq ki, “Qəbələ” Boluda keçirdiyi ilk matçda Moldova təmsilçisi “Sukleya”ya 4:2 hesabı ilə qalib gəlib.
“Qəbələ” - "Orenburq" (Rusiya) – 1:1
Qol: Ülvi İsgəndərov
saytlarin hazirlanmasi