"Araz Naxçıvan" aşağı liqada oynamış portuqaliyalı ilə anlaşdı

15:17 - 17 İyul 2023

Yeni mövsümün hazırlığını Bakıda həyata keçirən “Araz-Naxçıvan” heyətini gücləndirmək istiqamətində çalışmalarını davam etdirir.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Naxçıvan klubu Nuno Miguel Rodrigueslə anlaşıb. Bu gün Bakıya gələn portuqaliyalı 29 yaşlı futbolçu tibbi müayinədən keçib və onunla 1 il müddətini əhatə edən müqavilə imzalanıb. Sağ cinah hücumçusunun son klubu Portuqaliyanın 2-ci liqasında iştirak edən “Sportinq Clube da Covilha”dır. Nuno karyerası ərzində “Oliveira do Hospital”, “Pedras Salqadas”, “Qafanha”, “Lusitano Vildemoinhos”, “Mafra”, “Arouca”, “Vilafranquense” klublarının da formasını geyinib. 

Müqavilə imzaladıqdan sonra futbolçu arazpfk.com-a açıqlama verib:

“Ölkəniz haqda eşitmişdim, internet resurslarından da məlumat toplamışdım. Menecerim, eləcə də burada oynayan futbolçulardan müəyyən bilgi əldə etmişdim. Maraqlı, gözəl ölkəniz var. Bilirəm, “Araz-Naxçıvan” uzun fasilədən sonra yenidən Premyer Liqada oynayacaq. Buna görə narahat deyiləm. Yaxşı nəticə qazanmaq üçün əlimdən gələni edəcəm. Bilirəm ki, xüsusilə də legionerlərdən gözləntilər böyükdür. Bura kömək etmək üçün gəlmişəm. Komandamla uğur qazanacağıma inanıram".

Xəbər xətti