"Nə yaxşı ki, "UltraNeftçi"nin fəaliyyətini dayandırmışam, yoxsa çoxdan həbs olunardım" - MÜSAHİBƏ

18:59 - 19 İyul 2023

"Neftçi"nin azarkeşi Ceyhun Əzizli futbol ictimaiyyətinə yaxından tanışdır. Fanat Azərbaycanda "UltrAslan" və "UltraNeftçi" fan klublarının yaradıcısıdır.

Uzun müddətdir tribunalardan kənar qalan Əzizli ilə çılğın azarkeşliyi dönəmindən və Azərbaycan futbolunun hazırkı durumuyla bağlı söhbətləşdik:

- Vaxtilə tribunalarda fırtına əsdirən futbol fanatı bu gün demək olar ki, səssizliyə bürünüb. Ceyhun Əzizli haradadır?

- Artıq 13-14 il olar tribunadan kənardayam. Səbəbi də bəllidir, bu barədə danışmağa ehtiyac yoxdur.
Yenə də futbolun içindəyəm, idman saytım var. Övladlarıma daha çox vaxt ayırıram. Onların hər ikisi "Qarabağ"ın akademiyasındadır. Arda U-14, Turan isə U-12-dədir. Futbolla məşğul olurlar, indi onların fanatıyam. Artıq mənim üçün komandalar yoxdur.

- Keçmişdən danışaq. Ceyhun Əzizli "UltrAslan"la Azərbaycanda "Qalatasaray" komandasının azarkeşlərini bir araya yığmışdı. Sonra nə oldu, niyə davam etmədi?

- "UltrAslan Azərbaycan"ı yaradan da, quran da, canını qoyan da mən olmuşam. Ətrafımıza toplaşanların da bir məqsədi olub - şərəflə ölkə idmanına xidmət etmək. Bunun öhdəsindən gəldik, qiymətimizi də ölkə vətəndaşları, mətbuatı verdi. Dağılmağının səbəbinə gəlincə, kimə xidmət edim? Mənim düşüncəm o idi ki, "UltrAslan Azərbaycan"ın ölkәmizin klublarını avrokuboklarda dəstəkləsin. Söhbət tək futboldan getmir, bütün idman növlərində. Gedib təmənnasız dəstəkləyirdik də. Tribunadan küsəndən sonra, konkret "UltraNeftçi" dağılanda  oturub düşündük ki, kimə və nəyə xidmət edək? Bizə  çox hörmətsizlik edilirdi. Sanki belə bir fanklub yoxdur. Açığı, küsdük. Yığışıb televizor qarşısında "Qalatasaray"ın oyununa baxmaqla fəaliyyət olmur. Mənim üçün iş o idi ki, "Qalatasaray" azarkeşlərini bir yerə toplayıb, ölkəmizin idmanını arenalarda dəstəksiz qoymayaq. 14 il çalışdıq, sonra ögey münasibət gördük və fəaliyyəti dayandırdıq. Yenə deyirəm, Rövnəq Abdullayevə, Elxan Məmmədova xidmət edim? Ölkә futbolunu biz azarkeşlәrә uzaq ediblәr. Döyüldük, söyüldük, başqaları da milyonlar qazandı.

- Fatih Terimlə də görüşmək imkanın oldu...

- İki dəfə görüşmüşəm. Terim "Qalatasaray" camiəsinin əvəzolunmazlarındandır, fəxrimizdir, qürurumuzdur.

- "UltraNeftçi" yarandı, sonra nə baş verdi?

- "UltraNeftçi"ni yaradıb, yüksək səviyyədə xidmət göstərdik. Tribunada bizim fanklub nümunəvi hərəkətlər edib. Klubla birgə çempionluq yaşadıq. Azərbaycanda ilk dəfə Avroliqa azarkeşləri olmaqla qürur duyduq. "UltraNeftçi" tribunaya azarkeş mədəniyyəti gətirmişdi. Bu gün tribuna lideri tərbiyəsiz hərəkət edirsə, bu heç də yaxşı hal deyil. Açığı, bu barədə çox danışmışam deyə, yenidən mövzuya qayıtmaq istəmirəm. 12 il əvvəl olan məsələlərdir. Ölənə qədər də "Neftçi" fanatıyam, "Neftçi" mənim canımdır. Çox təəssüf ki, komanda bu gün Azərbaycanın flaqmanı adından çıxarılır. Səriştəsiz idarəçilik, sponsorlar ancaq pul qazanmağı düşünür. Nə yaxşı ki, "UltraNeftçi"nin fəaliyyətini dayandırmışam, yoxsa çoxdan həbs olunardım. Belə idarəçilərlə yola gedə bilməzdik. Çox şükür ki, vaxtında belə bir qərarı vermişəm.

- Bəs bu gün hansısa klubdan yenidən tribunaya qayıtmaq təklifi olmayıb?

-Təkliflər çox olub. 12 il ərzində həddindən artıq təklif gəlib. Heç vaxt tribunaya qayıtmaq fikrində olmadığımı deyib, təşəkkür etmişəm. Hamısına da demişəm "Neftçi" mənim canımdır, "Neftçi"li kimi də öləcəm.

- Bu gün Premyer Liqanı necə dəyərləndirirsən?

- Rəqabətsiz bir çempionatdır. "Qarabağ"la heç bir klub rəqabət apara bilmir. Əgər "Neftçi" 15-16 xal fərqi ilə 3-cü yer tutursa, onda demək olar ki, çox maraqsız, mənasız çempionatdır. Qurban Qurbanovun komandası olmasa, Premyer Liqanı silmək lazımdır. Mənim üçün Avropanın ən zəif çempionatıdır. Stadionların əksəriyyəti süni meydança, yüksək səviyyəli futbolçu belə orada oynaya bilmir. Liqada qalmaq üçün oynayan klubların 12-13 legioneri var. Onları cəlb edib, pul qazanmağı düşünən Premyer Liqa klublarımız var. Çünki idarəçilər futbol adamları deyil. Təssüflər olsun ki, sponsorlar da bunun qarşısını almır. Bunları düşünən yoxdursa, hansı rəqabətdən danışmaq olar?

- Son olaraq milli komanda haqqında danışaq. O vaxtdan bu günə nə dəyişib?

- Mlli komandamız 15 ildir millətdən ayrılıb. İdarəçilər bu millini özəlləşdirib, millətin əlindən aldılar. Pul düşkünlüyü bu millini bərbad günə saldı. Bunu da bilərəkdən etdilər. Təkcə Qurban Qurbanovun dövründə yığma nəsə bizi sevindirmək istəyirdi, onu da göndərdilər ki, birdən millət öz yığmasına sevinər. Milli mənim ən yanıqlı yerimdir. Mənim kimi; milyonlar milliyə azarkeşlik etmir. Çünki bizim deyil. 8-9 nəfər istedadlı dələduzun komandasıdır. Yığmaya ən çox pul xərcləyən ölkələr sırasında Azərbaycan ön cərgədədir, ancaq nәticәlәr bәrbad. Gənclərdən ibarət millilər arasında Avropa çempionatı keçirildi. Komandalara baxın -  Gürcüstan, Ermənistana diqqət yetirin. Bizdə isə özümüzə uyğun bir rəqib düşəndə, sevinirik. Toplanışda da özümüzdən zəif rəqiblər tapırıq ki, qələbə qazanaq, deyək ki, millimiz qalib gəlir. Rəsmi oyunlarda isə heç bir nəticə olmur. Baş məşqçi kim olur olsun, bu sistemdə uğur qazana bilməyəcək. Düzəlməyi üçün akademiyalarda tanış, qohumluq əlaqələri yığışmalıdır. Sistem, federasiya dəyişməlidir.

İlkin Baba, Futbolpress.az

Xəbər xətti