"Sabah" üçün "asan tikə", yoxsa "dişli rəqib" ? - QEYD

17:41 - 21 İyul 2023

UEFA Konfrans Liqasında 2-ci təsnifat mərhələsinə yekun vuruldu. Bu mövsüm avrokuboklarda debüt edəcək “Sabah”ın rəqibinin adına da aydınlıq gəldi. Murad Musayevin yetirmələrinin Avropada ilk sınağı Latviyanın RFS klubu olacaq. Düzü, “Sabah” avrokuboklarda ilk dəfə iştirak edəcəyindən hər hansı reytinqə malik deyildi və uyğun olaraq da, səpələnməmişlər səbətində yer almışdı. Məhz bu səbəbdən, Masazır təmsilçisinin daha güclü komanda ilə qarşılaşacağı bəlli idi. 5 potensial rəqib bəlli olmamışdan öncə “bayquşlar”ın “Brügge”, “Bazel”, “Beşiktaş”, “Fenerbahçe”, “Gent” və s. kimi güclü komandalarla düşmək ehtimalı var idi. Siyahı qısaldıqdan sonra belə, elan olunan siyahıda Rumıniyanın ÇFR, Polşanın “Legiya” kimi komandalarının adı vahiməli görünürdü. Hər halda, Avropada ilk dəfə çıxış edəcək təcrübəsiz “Sabah”ın futbol ölkəsi olan Rumıniya və Polşa kimi ölkələrin top komandaları ilə düşməsi heç də arzuolunan deyildi. 

Püşk “Sabah”ın qarşısına RFS (Latviya) – “Makedoniya GP” (Şimali Makedoniya) cütünün qalibinin çıxacağından xəbər verdi. Püşkatmadan dərhal sonra futbol ictimaiyyəti bu variantın “Sabah” üçün ən ideal olduğunu bar-bar bağırmağa başladı. Düzü, “Brügge”, “Beşiktaş” kimi rəqiblərlə müqayisədə bu variant daha ideal hesab olunurdu. Amma və lakin... RFS doğrudanmı “Sabah” üçün münasib rəqibdir?   

Əvvəlcə, RFS-nin qısa dosyesinə nəzər yetirək. Klubun əsası 1962-ci ildə qoyulub. 2016-cı ildə Latviyanın bir vaxtlar uğurlu klublarından hesab edilən “Skonto”nun dağılması ilə yüksək liqaya vəsiqə qazanıb. Komanda Latviya elitasında olduğu qısa müddət ərzində ölkənin iddialı klublarından birinə çevrilməyi bacarıb. Bu baxımdan RFS-ni “Sabah”la müqayisə etmək olar. Bu klub da 2017-ci ildə yaradılmasına, 2018-ci ildən Premyer Liqada çıxış etməsinə baxmayaraq, artıq ölkənin iddialı komandalarından hesab olunur. RFS cəmi 7 illik elita tarixində artıq 3 titul qazanmağa da nail olub. Komandanın aktivində 1 Latviya çempionluğu, 2 dənə isə ölkə kuboku var. Avrokuboklarda 2019/2020-ci il mövsümündə debüt edən “şirlər” artıq Konfrans Liqasının qrup mərhələsində iştirak etmək imkanı da tapıb. Komanda KL-nın 2022/23-cü illər mövsümündə qrup mərhələsinə vəsiqə qazanıb, ancaq “Harts” (Şotlandiya), “Başakşəhər” (Türkiyə) və “Fiorentina” (İtaliya) kimi klublarla mübarizədə sonuncu yeri tutub. Buna baxmayaraq, latışlar qrupda “Fiorentina” (1:1) və “Başakşəhər”lə (0:0) matçlardan “xal qoparmağı” bacardılar. RFK bu avrokubok mövsümünə də uğurla başladı. Komanda Konfrans Liqasının I təsnifat mərhələsində Şimali Makedoniyanın “Makedoniya GP” komandasına heç bir şans vermədi. Latviya təmsilçisi səfərdə 1:0, evdə isə 4:1 hesabıyla qalib gələrək, “Sabah”la görüşlərə vəsiqəni rahat əldə etdi. 

RFS çempionatda ev oyunlarını cəmi 700 yerlik “LNK Sporta Parks” stadionunda keçirir. Riqa təmsilçisi avrokuboklarda isə rəqiblərini paytaxt yaxınlığında yerləşən Yurmala şəhərinin 2500 tamaşaçı tutumlu “Sloka” stadionunda qəbul edir.

Məşhur “transfermarkt” saytının rəyinə əsasən, komandann heyətinin ümumi dəyəri 8,5 milyon avro təşkil edir ki, bu da Azərbaycanın iddialı klublarının heyətinin dəyərinə çox yaxındır. Klub kifayət qədər yaxşı maddi imkanlara malikdir. Saytın məlumatına görə, RFS-nin ən dəyərli futbolçuları braziliyalı vinger Emerson və serbiyalı mərkəz hücumçusu Andrey İliçdir. Hər iki legionerin qiyməti 1 milyon avro olaraq göstərilib. Komandanın çalışdırıcısı Latviyanın ən istedadlı mütəxəssislərindən hesab edilən 42 yaşlı Viktor Morozdur. Gənc mütəxəssis daha çox 4-2-3-1 taktiki sxeminə üstünlük verir. O, 2020-ci ildən RFS-nin “sükanı arxasında”dır. Ümumiyyətlə, RFS-nin əsas üstün cəhətlərindən biri də stabil heyətə malik olmasıdır. Komandanın heyəti son mövsümlə müqayisədə ciddi dəyişikliyə məruz qalmayıb. 

Yuxarıda qeyd edilənlərə əsasən, deyə bilərik ki, “Sabah” ilk avrokubok mövsümündə “Brügge”, “Beşiktaş”, “Fenerbahçe”, “Bazel” və s. kimi futbol nəhəngləriylə qarşılaşmaqdan yayına bilsə də, heç də “asan tikə”yə rast gəlməyib. Əlbəttə, Murad Musayevin komandası RFS-ni keçmək potensialındadır. Lakin ən kiçik laqeydlik “bayquşlar”a baha başa gələ bilər.   

“Sabah” və RFS arasında ilk matç iyulun 26-da Yurmalada, cavab oyunu isə avqustun 3-də Bakıda baş tutacaq. 

HƏMİD

Xəbər xətti