"Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Sportal.az saytına müsahibə verib.
- Komandanız ikinci yoxlama görüşündə "Eyüpspor"a qalib gəldi. Qarşılaşma sizin üçün necə alındı?
- "Eyüpspor"a qarşı matç yaxşı alındı. Uşaqlar buradakı oyunlara həvəsli çıxırlar. Nəticədən daha çox onların bir-biri ilə uyğunlaşması önəmlidir. Komandada yeni futbolçular var. Oyunlar lazımdır ki, onlar bir-birinə uyğunlaşsınlar. "Adana Dəmirspor"la matç da istədiyimiz kimi alınırdı. Amma təəssüf ki, qollar vura bilmədik. "Eyüpspor"la ilk hissədə yaxşı epizodlara girdik, ikinci yarıda isə rəqib bütün heyəti dəyişdi. Bu, bizim üçün yaxşı oldu. Gümrah komandaya qarşı yorğun halda oynamaq lazım idi. Yaxşı oyun keçdi, temp də yaxşıydı.
- "Eyüpspor"un baş məşqçisi Arda Turanla oyundan öncə və ya sonra söhbətləşdiz?
- Bəli, Arda Turanla oyundan əvvəl salamlaşdıq, bir-birimizə uğurlar arzuladıq. Onun yaxşı komandası var. Bu mövsüm Superliqaya vəsiqə qazanmağı fikirləşirlər. Yeni transferləri var, təcrübəli oyunçular gətiriblər.
- Patrik Kluyvertin rəhbərlik etdiyi "Adana Dəmirspor"a qarşı görüşdə komanda necə yadda qaldı?
- "Adana Dəmirspor"a qarşı da uşaqlar pis oynamamışdı. Həmin matçda yorğunçuluq və tam hazır olmadığımız görünürdü. Rəqib bizdən daha hazırlıqlı idi. Onlar daha erkən yığılıb, çünki Konfrans Liqasında oynayacaqlar. Bu da hiss olundu. "Eyüpspor"la matçda isə fərqləndik, bu da bizi sevindirir. Toplanışda ağır məşqlərdən sonra səhvlər olur. Bunların üzərində çalışırıq. Ümid edirəm ki, gələn oyun daha yaxşı olacağıq.
- Komandanın hazırlıq durumundan razısız?
- Bilirik ki, hazırlıq durumu çətindir. Bu vəziyyəti yaşamlı və keçməliyik. Yeni gələnlər var. Elə oyunçular var ki, onların oynadığı çempionat tez bitib, bir aydan çox istirahət ediblər. Demək olar ki, onlar idman formasından çox uzaqdırlar. Nə qədər hazır oluruqsa-olaq, ilk turlar həmişə çətin keçib. Faiz etibarı ilə nəyisə desək yalan olar. Oyundan-oyuna formaya düşəcəyik.
- Yeni transferlər haqda pozitiv düşünürsüz?
- Yeni transferlərdən ehtimal etdiyimizi görürük. Ən böyük problem uyğunlaşma ilə bağlıdır. Fərqli ölkələrdən, fərqli çempionatlardan gəliblər. Azərbaycan Premyer Liqası çox çətin çempionatdır. Yeni transferlərin istəkli olması bizi çox sevindirir. Əsas odur ki, komandaya hamı bir ailə kimi uyğunlaşıb. Dərk edirlər ki, bizi qarşıda hansı çətinliklər gözləyir. Lakin yeni gələnlərin də hamısına inanırıq.
- Son transferiniz Aleks Serranodur. İspaniyanın U-19 yığmasının sabiq kapitanı haqda düşüncəniz necədir?
- Serrano ilk bəyəndiyimiz oyunçulardandır. Ancaq hər dəfə nəsə alınmırdı, transfer baş tutmurdu. Lakin sonda o da "Turan Tovuz"a keçməyə isti yanaşdı və hazırda bizimlədir. Lakin hələ ki, o da formasından uzaqdır. Serrano kimi orta xətdə həm təcrübəli, həm də oyunu üzərinə götürən oyunçuya ehtiyacımız var. İnanıram ki, o da tez bir zamanda komandaya uyğunlaşacaq. Yaxın günlərdə transfer rəsmiləşəcək.
Mirbağırağa