"Zirə"nin serbiyalı futbolçusu Andriya Lukoviç Sportal.az saytına müsahibə verib.
- "Zirə" Türkiyədəki toplanış çərçivəsində ilk yoxlama oyununda Superliqa təmsilçisi "Fatih Karagümrük"lə qarşılaşdı. 0:0 hesabı ilə başa çatan görüş sizin üçün necə alındı?
- Təcrübəli oyunçulara sahib komandaya qarşı keçirilən matç bizim üçün yaxşı sınaq oldu. Hazırlığın bir hissəsi kimi görülən bu matç bizi qane edə bilər. Lakin hələ çalışmalıyıq. Oyunda rəqibin Superliqa təmsilçisi olduğu hiss edilirdi. Həqiqətən çox güclü komanda idi.
- Bu gün komandanız Tanzaniya klubu “Simba” ilə qarşılaşacaq...
- Hazırlıq dövründə yoldaşlıq görüşləri keçirmək yaxşıdır. Komanda səhvlərini də bu matçlarda görür. Rəqibimiz də yaxşı komandadır. Bu görüşdə də, baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışacağıq.
- Ümumiyyətlə, Türkiyə toplanışı necə gedir? Sizin üçün pozitiv və neqativ məqamlar hansılardır?
- Toplanışımız yaxşı gedir, məşqlərimizi edirik, burada yaxşı təlim-məşq toplanışı keçmək üçün üçün lazım olan hər şey var. Yeni mövsüm üçün hazırlaşırıq. Çalışırıq ki, Premyer Liqanın ilk oyununa və ümumilikdə çempionata hazır olaq.
- "Zirə"dən ayrılan futbolçular oldu. Sizcə, hansı futbolçunun gedişi komandaya mənfi təsir edəcək? Daha çox Hamidu Keytanın gedişini qeyd etmək olar?
- Düşünürəm ki, gedənlər olmadan da işimizi görə bilərik. Doğrudur, biz bəzi oyunçuları itirirdik. Amma komandamıza liqa və sistemi bilən, artıq Azərbaycan Premyer Liqasında oynamış yaxşı futbolçular gəlib. Onlar bizə çox kömək edəcək.
- Yeni gələnlərlə münasibət necədir? Onların əksəriyyəti tanıdığınız oyunçulardır - Ruan Renato, İsmayıl İbrahimli, Fuad Bayramov...
- Bayaq dediyim kimi, bu, bizim üçün yaxşıdır. Çünki yeni gələnlər artıq Premyer Liqada oynayıb. İndi daha yaxından tanış olmaq, yoldaşlıq matçlarında birlikdə oynamaq üçün vaxtımız var.
- Bildiyimə görə, təkliflərin olduğu üçün yayda “Zirə”dən ayrıla bilərdin. Niyə qala oldun, niyə getmədin?
- "Zirə"də özümü xoşbəxt hiss edirəm. Birinci il yaxşı keçdi. Amma düşünürəm ki, biz daha yaxşı ola bilərik. Daha da yuxarıya qalxmağa gücümüz çatar. Ona görə burada qaldım. Necə olacağını birlikdə görəcəyik.
- "Zirə"nin yeni mövsümdə əsas hədəfi nə olacaq? Sizcə, çox çətin liqa olmayacaq? Çünki bütün komandalar güclənir, transferlər edir...
- Bəli, bizim də yaxşı komandamız var. Yaxşı məşq etməliyik və hər oyunda güclü olmalıyıq. Nə qədər bacara biləcəyimizi və çox keyfiyyətli olduğumuzu bilirik. Özümüzə inamımız var.
Elçin Əlixan
saytlarin hazirlanmasi