"Turan Tovuz"un icraçı direktoru Nadir Nəbiyev Sportal.az saytına müsahibə verib.
- Komandanız "Eyüpspor" və "Adana Dəmirspor"la yoldaşlıq görüşlərində üz-üzə gəldi. Sizcə, komanda daha çox hansı matçda yaxşı oynadı?
- Toplanışda nəticə önəmli deyil. Məncə, hər iki oyun maraqlı və gərgin keçdi. Hər halda, kollektivə xeyir verəcək oyunlar oldu. Ümid edirəm ki, çempionatın başlamasına qədər komandanın durumu məşqçilər korpusunu qane edəcək.
- Bu yay komandaya yeni futbolçular dəvət edildi. Onların durumu necədir, uyğunlaşma sarıdan problem yaşamayacaqlar?
- Bəli, komandaya yeni qoşulan futbolçular var. İnanıram ki, onların uyğunlaşmada heç bir problemi olmayacaq. Bizim yaxşı, mehriban kollektivimiz var.
- "Turan Tovuz" ilk turda "Araz Naxçıvan"la evdə oynamalıdır. Ancaq deyəsən, stadiondakı yenidənqurma işlərinə görə bu matçı səfərdə keçirmək istəyirsiz. Məsələ nə yerdədir?
- Əslində, "Araz Naxçıvan" müraciətimizi müsbət qarşılayıb. İndi qalıb PFL-in qərarı. Əgər razılıq olmasa, çalışacağıq ki, ilk oyunumuzu doğma azarkeşlərimiz önündə oynayacaq.
- Dünən Aleks Serranonun da keçidini açıqladınız. Bununla da, yay transfer çalışmalarına yekunlaşdırdınız?
- Bəli, Serranonu da komandaya gətirdik. Ümid edirik ki, hər biri komandamıza xeyir verəcək. Ayxan müəllim yeni futbolçuların cəlb olunmasına ehtiyac duysa, bir-iki mövqeyə də, oyunçu gətirə bilərik.
- Maraqlıdır ki, kollektivlə birlikdə Bakıdan Türkiyəyə yollanan Yohan Qreko düşərgədə deyil. Onunla müqavilə imzalamayacaqsız?
- Doğrudur, komandamızın düşərgəsindəydi. Məşqçilər korpusu onu sınaqdan keçirirdi. Yəqin ki, Yohanın oyunu məşqçilər korpusunu qane etməyib. Ona görə də belə qərar veriblər.
- "Turan Tovuz" ötən mövsümlə müqayisədə, bu sezon sanki daha güclü görünür. Komandanın yeni mövsümdən avrokuboklar uğrunda mübarizə aparmağa gücü çatacaq?
- Bu il məqsədimiz güclü və gələcəyin komandasını formalaşdırmaqdı. Ona görə yeni transferlərimizin əksəriyyətinə iki illik müqavilə təklif etmişik.
- Ötən mövsüm Tovuz stadionunda projektorlar olmadığı üçün oyunlarınız günorta saatlarında keçirilirdi ki, bu da stadionun tribunalarının tam dolmasına mane olurdu. Artıq projektorlar da quraşdırılır. Bu mənada, yəqin ki, oyunlarınıza daha çox azarkeş gələcək?
- Bizim oyunlarımız əsasən həftə sonlarına düşmürdü. Üstəlik, iş vaxtı olduğu üçün stadion tam olaraq azarkeşlərlə dolmurdu. Stadionda tam güclə iş gedir. Həm projektorların quraşdırılması, həm də yeni korpusun tikintisi ilə bağlı işlər davam etdirilir. Əgər ilk oyunlarımızı Tovuzda oynasaq, gördüyümüz işlər müəyyən vaxta qədər uzana bilər.
Mirbağırağa
saytlarin hazirlanmasi