"Latviyada hamı "Sabah"ın "Makedoniya"dan qat-qat güclü olduğunu gözəl anlayır" - MÜSAHİBƏ

11:11 - 26 İyul 2023

Azərbaycan millisinin sabiq forvardı, Latviyada yaşayan Vüqar Əsgərov Sportal.az saytına müsahibə verib. O, Konfrans Liqasının ikinci təsnifat mərhələsinin RFŞ – “Sabah” görüşündən gözləntilərini bizimlə bölüşüb.

- "Sabah" bu gün RFS önünə çıxacaq. Latviya klubu bundan əvvəl "Makedoniya"ya qalib gəlməyi bacarmışdı. Onların vəziyyəti necədir?

Bu gün Yurmalaya yollanacam, "Sloko" stadionunda matçı canlı izləyəcəm. RFS "Makedoniya"nı asanlıqla keçdi. "Sabah" isə "Makedoniya" deyil. Latviyada hamı "Sabah"ın "Makedoniya"dan qat-qat güclü olduğunu gözəl anlayır. Sırf olaraq, RFS-in hansı vəziyyətdə olduğunu isə bu gün meydanda görəcəyik.

- RFS artıq bir mərhələ adlayıb, Latviyada ölkə çempionatı davam edir, bir mövsüm əvvəl Konfrans Liqasında qrup mərhələsinə yüksəliblər. Bütün bunlar RFS-ə "Sabah"la matçda üstünlük qazandırır?

- RFS-in əsas üstünlüyü odur ki, oyun praktikasına sahibdirlər. Artıq üç turdur ki, Latviya çempionatın bərpa edilib, RFS çempionatda artıq 23 oyun keçirib. Avrokuboklarda da oyun təcrübələrinə sahibdirlər. Konfrans Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq asan məsələ deyil. Məncə, bütün bunlar RFS üçün üstünlükdür.

- Bəs, "Sabah"ın RFS qarşısında hansısa üstünlüyü var?

- "Sabah"ın heyəti güclüdür, yaxşı legionerləri var, varlı klubdur. Heyətdəki futbolçular fərdi olaraq da yüksək keyfiyyətə malikdir. Üstəlik, Murad Musayev kimi yaxşı baş məşqçiləri var. Yəni, komandada hər şey pozitiv düşünməyə əsas verir.

- "Sabah" avrokuboklarda ilk dəfə oynayacaq. Amma çoxları Murad Musayevin avrokubok təcrübəsinə güvənir. Heyətdəki oyunçulara da güvənmək olar. Səncə, bunlar "Sabah"ın RFS-i keçməsinə kömək edəcək? 

- RFS səddini keçdikdən sonra "Sabah" "Partizan"la qarşılaşacaq. Onlara qarşı oynamaq isə çətin olacaq. Doğrudur, "Sabah" favoritdir, amma çətin olacağı da dəqiqdir. Çox istəyərdim ki, intriqa hər iki oyunda da qalsın. Cütün taleyinə Bakıda aydınlıq gəlməsini çox istəyərdim.

- Latviya klubu "Sabah" səddini keçə bilməsə, buna insanlar necə reaksiya verəcək? Faciə?

- Məncə, bu, böyük faciə kimi qəbul olunmayacaq. RFS çempionluq uğrunda mübarizə aparır, digər tərəfdən ölkə kubokunu qazanmaq istəyirlər. Təbii ki, hər bir komanda növbəti mərhələyə adlamaq istəyər. Necə olacağını görəcəyik. Amma "Sabah"la matçda istədikləri nəticə alınmasa, faciə olmayacaq. Mən belə düşünürəm.

- Latviya futbolunu yaxşı tanıyırsan. "Sabah"ın RFS-ə qarşı matçlarda ehtiyat etməli məqamlar hansılardır?

- Latviya çempionatı üçün onların yaxşı komandası var. Heyətləri də səviyyəlidir. Bu gün onlar güclü rəqibə qarşı oynayacaq. Oyun zamanı RFS-in hansı çatışmazlığı olduğunu görəcəyik. Amma onların standart vəziyyətlərdə və hücumda güclü olduğu aydındır. Müdafiəçiləri hündürdür, çox qol vururlar. Bunlara diqqət etmək lazımdır.

Mirbağırağa

Xəbər xətti