"Jelezniçar" o qədər güclü komanda deyil ki, "Neftçi" onu keçə bilməsin" - MÜSAHİBƏ

15:50 - 27 İyul 2023

“Neftçi”nin sabiq forvardı, Azərbaycan milli komandasının da şərəfini qorumuş Branimir Subaşiç Sportal.az saytına müsahibə verib. Serbiyalı veteran futbolçu bu gün Konfrans Liqasının ikinci təsnifat mərhələsində “Neftçi”nin “Jelezniçar”a qarşı keçirəcəyi oyundan gözləntilərini açıqlayıb.

- “Neftçi” Laurentisu Regekampfı göndərdi, amma Adrian Mutunun gəlişi gec oldu. Bu fakt komandanın çıxışına təsirini göstərəcək?

- Mən düşünmürəm ki, Mutu gec gəldi. Amma hər şeyi zaman göstərəcək. Ümumiyyətlə, yeni enerji, yeni nəfəs heç vaxt problem yaratmır. Əksinə, daha yaxşı təsir edir. Görək də, necə olacaq. Məncə, Adrian Mutunun gəlişi "Neftçi"yə kömək olacaq.

- Səncə, “Neftçi”yə necə kömək olacaq? Onu baş məşqçi postuna gətirmək risk deyildi?

- Təbii ki, Mutunu hamımız futbolçu kimi çox yaxşı tanıyırıq. Nəzərə alın ki, o, çox güclü məşqçilər görüb. Düzü, necə məşqçi olduğunu bilmirəm. Amma futbolçu vaxtı işlədiyi baş məşqçilərin hərəsindən bir az nəsə götürübsə, çox yaxşı olmalıdır. Mutunun məşqçiliyi yaxşı alınmalıdır. Doğrudur, məşqçi kimi təcrübəsi yoxdur. Amma mən ona və “Neftçi”yə ən yaxşısını arzu edirəm.

- “Neftçi”ni bu gün Konfrans Liqası çərçivəsində “Jelezniçar”la oyun gözləyir. Sarayevodakı görüş haqda hansı fikirdəsən?

- Çempionatın, avrokubokun startı həmişə çətin alınır. “Neftçi” hazırlıq prosesi keçdi, yoxlama oyunları oynayıb, hazırlaşıblar. Yeni oyunçular gəlib. Özü də, sayları da az deyil. Təbii ki, bunlar hamısı zamana ehtiyac olan məsələlərdir. Ümidvaram ki, “Jelezniçar”la matçda hər şey yaxşı alınacaq.

- “Jelezniçar” balkanların tanınmış və tarixi klublarındandır. Fanatları “Neftçi” üçün problem yarada bilər?

- “Jelezniçar" o qədər də güclü komanda deyil ki, "Neftçi" onu keçə bilməsin. Doğrudur, "Jelezniçar" tanınmış klubdur, amma o qədər də yox. Necə olacağını oyun göstərəcək. Amma məncə, "Neftçi" "Jelezniçar"ı keçməlidir.

- Yeri gəlmişkən, sizin ölkənin ən dominant klublarından olan “Partizan” “Neftçi”nin hücumçusu Mateus Saldanyanı heyətinə qatmağa hazırlaşır. Braziliyalı Azərbaycanı xəbərsiz tərk edərək “Partizan”la danışıq üçün Belqrada getdiyindən “Neftçi” onu FİFA-ya şikayət edib...

- Saldanyanın "Partizan"a necə keçdiyini bilmirəm. Yəni, məsələ ilə bağlı bilgim yoxdur. Əgər özü "Neftçi"dən xəbərsiz "Partizan"ın düşərgəsinə yollanıbsa, doğru etməyib. Hər halda, FİFA-nın necə qərar verəcəyini görəcəyik.

Mirbağırağa

Xəbər xətti