"Sabah"ın yeni baş məşqçisinin adı bəlli oldu

13:45 - 31 İyul 2023

Makedoniyalı basketbol mütəxəssisi Boban Mitev “Sabah” basketbol klubuna baş məşqçisi təyin olunub.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, onunla 1 illik müqavilə imzalanıb.

Zəngin karyeraya malik 50 yaşlı mütəxəssis “Monako” (Fransa), “Partizan” (Serbiya), “Alba Berlin” (Almaniya) klublarında köməkçi məşqçi kimi çalışıb. 2011-2013-cü illərdə İran milli komandasına rəhbərlik edib. Boban Mitev son olaraq Şimali Makedoniyanın “Angeli” komandasının baş məşqçisi olub. 

Nailiyyətləri: 1994-cü ildə məşqçilik karyerasına başlayan Mitev 1999/2000-ci illər mövsmündə MZT klubu ilə Makedoniya kubokunun qalibi olub və ölkə çempionatını ikinci sırada başa vurub.

2007/2008 mövsümündə “Turov” klubu ilə Polşa çempionatının vitse-çempionu olub. Avropada ən yaxşı 5 köməkçi məşqçidən biri seçilib. 2010/2011 mövsümündə “Alba Berlin” klubu ilə Almaniya liqasını ikinci sırada bitirib. 2011-ci ildə Çində keçirilən Universiadada Serbiya millisinə qızıl medal qazandırıb. 2012-ci ildə İran yığması ilə Asiya Kubokunun qalibi olub. 2017/2018 mövsümündə Türkiyənin “Banvit” komandasında FIBA Çempionlar Liqasında 1/4 finala yüksəlib. Həmin mövsüm komanda Türkiyə liqasını 4-cü sırada bitirib. 2018/2019 mövsümündə “Monako” klubunun heyətində Fransa çempionatının vitse-çempionu olub.

Boban Mitev köməkçi və baş məşqçi kimi müxtəlif komandalarda çalışıb. Böyük avrokubok təcrübəsinə malikdir.

Xəbər xətti